Siyasət

ATİB Ərdoğana təşəkkürlə bağlı bəyanat yaydı

ATİB Ərdoğana təşəkkürlə bağlı bəyanat yaydı

Azərbaycan Türkiyə İş Adamları Birliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürlə bağlı mətbuata açıqlama yayıb.

Demokrat.az xəbər verir ki, bəyanatda deyilir:

"Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) özünün çoxsaylı üzvləri timsalında son günlərdə baş verən döyüşlərdə Vətənin bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş zabitlərimizə, hərbi qulluqçularımıza və vətəndaşlarımıza Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Yaralanmış əsgərlərimizə Allahdan şəfa və tezliklə sağalaraq Vətənin müdafiəsinə dönmələrini diləyirik.

ATİB sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı qəti şəkildə pisləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şərəfli Milli Ordusunun bu təcavüzün qarşısının alınmasındakı fəaliyyətini yüksək qiymətləndirir və dəstəkləyir.

Ermənistan ilk dəfə deyil ki, Azərbaycana qarşı hərbi təxribata əl atır. Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatının ilk saatlarından etibarən qardaş Türkiyə Respublikası bütün səviyyələrdə bu xain təcavüzü qətiyyətlə pisləmişdir. Sizin məsələyə dair çox açıq və sərt bəyanatlarınız bir daha Azərbaycanın öz haqq işində yalnız olmadığını göstərmişdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiyasında çıxışı zamanı Azərbaycanı dəstəkləməsi Azərbaycan-Türkiyə birliyinin növbəti bariz nümunəsini subut edir və Azərbaycan xalqı tərəfindən ən yüksək şəkildə qiymətləndirilir. Bu dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) və Azərbaycan xalqı adından təşəkkür edirəm.

Biz də, azərbaycanlı və türk iş adamları olaraq, Vətənin bütövlüyü uğrunda üzərimizə düşməyi etməyə hazırıq və daim Azərbaycanın yanındayıq.

Qarabağ Azərbaycandır!"

Hörmətlə, Cemal Yangın ATİB İdarə Heyətinin sədri

D
demokrat.az