Ermənistanın keçmiş prezidentləri və Qarabağ separatçılarının eks-liderləri, eləcə də bütün ermənilərin katolikosu II Qaregin və Böyük Kilikiya Evinin katolikosu I Aramın iştirakı ilə görüşün keçirilməsi ilə bağlı məlumatlar yayılıb.
Məsələyə münasibət bildirən Oqtay Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, belə bir toplanıtının keçirilməsinin təşəbbüskarı Ermənistanda fəaliyyət göstərən, faşizmin və revaşizmin əsas mənbəyi və yayımçısı olan, terrorçu “Daşnaksütun” partyasıdır:
“Onun İrəvandakı rəhbəri bu təşəbbüsün onlardan irəli gəldiyini söyləyib. Bu toplantının keçirilməsi əsası bildiyiniz kimi, iki gün öncə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın ermənilərin katolikosu ilə görüşündən sonra yayılıb. Erməni cəmiyyəti, xüsusən də revanşist qüvvələr hesab edirlər ki, Ermənistanın hal-hazırda düşdüyü vəziyyətdən çıxması üçün belə bir formatda toplantının və müzakirənin keçirilməsi Ermənistana fayda verə bilər”.
Politoloq ötən gün Köçəryanın vətəndaşlarla görüşünü və onun hakimiyyətə gəlməsinin nə dərəcədə real olması ilə bağlı fikirlərini də bölüşüb:
“Bildiyiniz kimi, 2020-ci ilin 10 noyabrdan sonra Ermənistanda 17 partiyanın birləşdiyi anti-hökumət aksiyaları keçirildi. Lakin onun ciddi bir nəticəsi olmadı, nəticədə ötən ilin iyununda keçirilən parlament seçkilərində müharibə məğlub olmuş Paşinyan və onun partiyası böyük üstünlüklə qalib gəldi. Bunun da əsas səbəbi Köçəryan və Sarkisyan kimi terrorçuların Ermənistan cəmiyyətində nifrət hədəfi olduğudur. Çünki onlar hakimiyyətdə olduqları 20 il müddətində Ermənistan cəmiyyətini ciddi şəkildə basqı altında tutublar və onların cinayətkar əməlləri Ermənistan əhalisi tərəfindən qəbul edilmir. Bunun digər səbəbi isə Ermənistanda əhalinin tərkibi ilə bağlı olan bir məsələdir. Belə ki, ermənilər 3 qrupa bölünürlər. Bunlar hayastanlılar, yəni təmiz erməni sayılanlar, ikinci xaricdən köçürülüb gətirilən ermənilər, üçüncü qrup isə Qarabağ əsilli ermənilərdir ki, bunlara ermənilər dönmə deyirlər. Yəni, bu ziddiyyətlər indinin ziddiyətləri deyil. Əhalinin bu cür bölünməsi indiki son dövrlərə aid məsələ deyil, son 100 ilin məhsuludur”. Analitikin sözlərinə görə, bu təbəqələr arasında hər zaman mübarizə gedib:
“Hazırda ermənistanlılar “Qarabağ klanı”nın nümayəndələrini Ermənistanda görmək istəmirlər. Çünki Qarabağdan gələn ermənilərə hayastan erməniləri həmişə ikinci sort nümayəndələri kimi baxıblar və ikinci sort insanların o cəmiyyəti idarə etməsinə qəbul edə bilmirlər. Ona görə Koçəryanın başçılıq etdiyi “Hayastan bloku” da ciddi şəkildə seçkilərdə məğlub oldu. Koçəryan hansısa meydan hərəkatı və azad seçkilər vasitəsilə hakimiyyətə gələ bilməz. Belə bir hadisənin baş verməsi sadəcə möcüzə ola bilər. Amma, başqa variantlarla, məsələn, Ermənistanda terror həyata keçirilə bilər, çevriliş ola bilər və onun nəticəsində hakimiyyətə gələ bilər. Bunun Azərbaycan-Ermənistan münasibətləri məsələsinə gəlincə, onu deyə bilərik ki, Ermənistanda uzunmüddətdən bəri mövcud olan vəziyyəti uzatmaq prosesləri, əngəlləmək və uyğun şəraiti gözləmək taktikasını seçilir. Bunu da 1990-ci illərdən 2018-ci ilə qədər məhz Petrosyan, Koçəryan, Sarkisyan həyata keçirirdi. Bundan sonra guya demokratik xalq etirazları nəticəsində hakimiyyətə gəlmiş Paşinyan hakimiyyəti də bunu həm 44 günlük savaşdan öncə, həm də bu savaşdan sonra davam etdirirlər və bu gün də davam etdirməkdədirlər. Hesab edirlər ki, hansısa bir möcüzə yaranacaq və guya ABŞ, Fransanın və s. hansısa güc mərkəzlərinin yardımı ilə bölgədə yeni reallıqlar və ermənilərin mənafelərinə uyğun şərait yarana bilər. Onlar da vəziyyəti öz xeyrinə dəyişə bilərlər. Amma belə bir şeyin olması mümkün deyil”.
O.Qasımov sonda qeyd edib ki, Ermənistan yenə də savaşı və revanşizmi seçəcəksə, bunun da ən böyük zərəri Ermənistana dəyəcək:
“Ermənistanda hakimiyyətə gələcək istənilən qüvvə əgər 10 noyabr anlaşamasından imtina edəcəksə, kommunakisiyaların açılmasına imkan verməyəcəksə, bunun ən böyük zərbəsi Ermənistana dəyəcək”.
Aynurə Pənahqızı Demokrat.az


