“Ölkədə məmurlar, dövlət qulluğunda çalışanlar arasında heç bir münaqişə, xoşagəlməz hal yoxdur. Bunlar hamısı xarici dairələrin uydurmalarıdır. İstəyirlər ki, dövlət quruculuğunu müəyyən qaydada ləngitsinlər, qara yaxsınlar, ya da adamları bir-birinə qarşı qoysunlar. Hamınız görürsünüz ki, neçə illərdir ölkədə ictimai-siyasi sabitlikdir. Heç kim bir-birinin xətrinə də dəymir, toxunmur. Gecə saat 3-də, 5-də get, haranı istəyirsən gəz, gəl. Qanunlar işləyir, iqtisadi inkişaf da var. Dövlətin beynəlxalq nüfuzu da möhkəmlənir. Belə olan halda, məmurlar, dövlət qurumları arasında hansı münaqişə, ziddiyyət, qarşıdurma ola bilər?!”
Demokrat.az xəbər verir ki,bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, qarşıdurma olan yerdə iqtisadi inkişaf, ictimai-siyasi sabitlik, beynəlxalq aləmdə tanınmaq, mühüm tədbirlərin keçirilməsi də mümkün deyil: “Bu gün hansı ölkə sabitdirsə, dünya ölkələri mühüm tədbirləri orada keçirir. Azərbaycan da bu gün dünyada irəlidə gedən birinci ölkələrdəndir ki, ən mötəbər beynəlxalq tədbirlər burada keçirilir. İstər idman yarışları, istər humanitar tədbirlər və s. Azərbaycana gedib-gələnlər həmişə ölkədəki bu sabitlikdən razıdırlar. Həqiqətən də, məmurlar arasında, yaxud müəyyən qurumlar arasında münaqişə olsaydı, xarici ölkələr də bundan xəbərdar olardılar, Azərbaycana gəlməzdilər, ölkə də bu qədər inkişafda olmazdı. Bunlar hamısı uydurmalardır, qarayaxmaladır ki, deyirlər. Bunu indi demirlər axı. Uzun illərdir deyirlər, amma deyilələrin heç birinin əhəmiyyəti yoxdur. Əminliklə deyirəm, ölkədə məmurlar, dövlət qulluqçuları, ayrı-ayrı nazirliklər arasında heç bir qarşıdurma, ziddiyyət yoxdur. Ölkə rəhbəri bütün dövlət qurumlarının fəaliyyətinə ciddi nəzarət edir. İşində nöqsanı olanlar cəzalandırılır, yaxşılar irəli çəkilir, mükafatlandırılır. Bu da hamının gözünün qarşısındadır”.


