Sosial Özəl

“Uşaqların mənəvi dünyasında valideynlərin rolu misilsizdir”

“Uşaqların mənəvi dünyasında valideynlərin rolu misilsizdir”

Hər bir ölkənin gələcək inkişafı və onun tərəqqisi böyüməkdə olan gənc nəsildən asılıdır. Başqa sözlə, hər bir gəncin fiziki və mənəvi inkişafı onun yaşadığı ölkənin, cəmiyyətin, xalqın inkişafının başlıca göstəricisidir. Çünki insan hansı mühitdə böyüyürsə, məhz həmin mühitdə də öyrəndiklərini gələcəkdə nümayiş etdirir. Sirr deyil ki, ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsi vacib məsələ olduğuna görə, dövlətimiz də bu istiqamətdə bütün mühüm tədbirləri görüb və görməyə davam edir. Bu cür tədbirlərin vaxtında görülməsi təbii olaraq, uşaq və gənclərin vətənpərvərlik şüurunun formalaşmasına müsbət təsir göstərir. Bəs, bu gün cəmiyyətimizdə uşaq və gənclərin mənəvi inkişafı hansı səviyyəddəir?

“Uşaqların mənəvi dünyasında valideynlərin rolu misilsizdir”
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlamasında bildirib ki, hər bir ailədə uşaqların formalaşması onların valideyn kimliyindən çox asılıdır. Sosioloqun sözlərinə görə, valideynlər birbaşa gənclərin mənəvi inkişafına təsir göstərir:

“Valideyn kimliyi dedikdə, valideynin hansı dəyərlərə, hansı xarakterik xüsusiyyətlərə, hansı tərbiyə üsuluna malik olması mühüm rol oynayır. Çünki o uşağı həmin dəyərlər əsasında tərbiyə edir. Bu amillər də uşaqların özəlliklə mənəvi tərbiyəsindən birbaşa asılı olan bir məsələdir. İlk öncə ailədə uşağın mənəvi-əxlaqi cəhətdən sosialaşması üçün ailədə psixoloji mühit olmalıdır, sağlam psixoloji mühit olması üçün də ailə konfliktsiz olmalıdır. Ailə konfliktdə olarkən uşaq şübhəsiz ki, travma ilə böyüyür. Bu da uşağın bütövlükdə filogenetik inkişafı boyu şəxsiyyət olaraq uşağı müşayiət edir. Ona görə də, ailədə birinci sosial psixoloji iqlim normal olmalıdır ki, uşaq şəxsiyyəti ahəngdar şəkildə inkişaf etsin. Bəs, ilkin bu sosial-psixoloji mühit olduqdan sonra valideynlər nələrə fikir verməlidir uşaqların mənəvi tərbiyəsi üçün? Bilirsiniz ki, valideyn ərəb sözü olub “valid” etibar, “eyn” göz sözündən götürülüb, yəni övlad üzərində etibarlı göz deməkdir. Bu, həm də o deməkdir ki, uşağın bütöv şəxsiyyət kimi formalaşmasında ilk sosiallaşma institutu kimi ailə və valideynlər birbaşa iştirak edir”.

“Uşaqların mənəvi dünyasında valideynlərin rolu misilsizdir”
Sosioloq əlavə edib ki, uşaqların mənəvi, əxlaqi tərbiyələnməsi üçün ilk növbədə ailədə varislik prinsipi qorunmalıdır:

“Yəni, övladlara ulu dədə-babadan, nənədən qalan dəyərlər, mənəvi-əxlaqi keyfiyyətlər ötürülməlidir. Çünki bu, həm də ailənin idektivliyi üçün, mənəvi kimliyi üçün əsas şərtlərdən biridir. Hər bir xalqın, hər bir cəmiyyətin, millətin özünəməxsus mənəvi-əxlaqi dəyərlər kompleksi var, eləcə də mental dəyərləri vardır. Hər bir cəmiyyət özünün arxitiplərinə malikdir. Bu arxetipləri ayarlayaq, saf çürük edərək, valideyn onu zamanın çağırışlara cavab verərək ötürməlidir öz varislərinə, yəni bu dəyərlər varislik prinsipi əsasında bir neçə nəsil yaşamış olsun. Burada zamanın çağırışına səs verən, zamanın çağırışına cavab verən dəyərlərdən söhbət gedir. Uşaqların mənəvi tərbiyəsində valideynlər əsas fikir verməlidir milli adət-ənənələrə, milli xüsusiyyətlər, eləcə də mental dəyərlərə. Bütün bunlara önəm verilməsi əsas şərtdir. Bu, o anlama gəlmir ki, yenilikdən uşaqları saxlamalıdır, əksinə öz milli köklərinə bağlı olmalarını tərbiyə etməklə yeniliyə kökləməlidir. Bu baxımdan uşaqlarda vətənpərvərlik hissləri aşılanmalıdır. Görkəmli azərbaycanlı ziyalılarından biri olan Xudu Məmmədov həmişə qeyd edirdi ki, uşaqları vətəni sevdirmək üçün vətənpərvərlikdən danışmaq yox, vətəni ona təqdim etmək, göstərmək lazımdır. Vətənin gözəllikləri görəndə, təbiətini, sərvətlərini görəndə istər-istəməz onda vətənpərvərlik ruhu formalaşır və vətənpərvər şəxsiyyət kimi formalaşır. Deməli, vətənpərvərlik, böyük-kiçiyə hörmət, ənənələrə bağlılıq, adət-ənənələrə hörmətlə yanaşmaq, eyni zamanda ünsiyyət vərdişləri formalaşmaqdır ki, bu da bir mənəvi tərbiyənin formalarından biridir. Yəni, ünsiyyətcil, dostcanlı, dürüstlük, eyni zamanda bax bu tipli keyfiyyətlər mənəvi dəyərlər sırasına səmimiyyət, cəsarət , mübarizlik kimi keyfiyyətlər daxildir. Uşaqların mənəvi tərbiyəsinin formalaşmasına bunlar əsas istiqamətlərdir ki, valideynlər aşılamalıdır.

“Uşaqların mənəvi dünyasında valideynlərin rolu misilsizdir”

“Bir şeyi də vurğulayım ki, biz həyatı bəzən tərbiyə prosesində idealizə edirik. Ancaq çox yaxşı olardı ki, valideynlər öz övladlarına mənəvi-əxlaqi dəyərlərdən mənimsədərkən həm də ona həyat həqiqətləri ilə əlaqəli şəkildə göstərsinlər. Həyatla əlaqəli şəkildə bu tərbiyəni versinlər, yəni həyat həqiqətlərini uşaqlarına başa salmağa çalışsınlar və bir cür tərbiyə edib, həyatda digər gerçəklərlə uşaqlar qarşılaşanda xəyal qırıqlıqları yaşamasınlar, hər şeyi olduğu kimi, ona hər şeyin fəlsəfəsi anlatmağa çalışmalıdır. Şübhəsiz ki, valideynlərin təhsili olması gərəkdir”.

Ü.Şəfiyev əlavə edib ki, valideynlər təhsilli olması başlıca şərtdir:

“Valideynlər həyatı həyat kimi övladlarına təqdim etməyi bacarmalıdır, yəni bütün çətinlikləri ilə, bütün zorluqları ilə, gözəllikləri ilə, bütün pozitiv və neqativləri ilə həyatı onlara təqdim etməyi bacarmalıdır. Ən çox da ictimai mədəniyyət dəyərlərini, ictimai məfkurə məsələlərini, milli dəyərləri, adət-ənənələri, vətənpərvərlik dəyərlərini, eyni zamanda cəmiyyətdə mövcud olan norma və qaydaları uşaqlara təlqin etməlidir. Bax, bu uşaqlar şəxsiyyət kimi mənəvi tərbiyə ilə qidalanmış olacaq. Bu da normal sosialaşmasının baş verməsinə zəmin yaradacaq. Hesab edirəm ki, bununla bağlı valideynlər uşaqlara yaşlarından asılı olaraq müvafiq ədəbiyyatlarla təmin etməlidir, təkcə bu məktəbin vəzifəsi deyil, valideynlər özləri də uşaqlara ədəbiyyat seçimində yardımçı olmalıdır, oxu mədəniyyəti formalaşdırmalıdır. Eyni zamanda, düzgün televiziya proqramına baxmağı, düzgün filmlər seçməkdə, hətta düzgün dost seçimində də valideynlər yardımçı olmalıdırlar. Bu baxımdan uşaqların mənəvi dünyasında valideynlərin rolu misilsizdir”.

Mövzu ilə bağlı açıqlama verən "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova açıqlamasında bildirdi ki, mənəvi cəhətdən inkişaf etmiş uşaqlar həmişə cəmiyyətdə fərqlənir və ön sıralarda olur:

“Sirr deyil ki, mütaliə uşaqların mənəvi inkişafına ən çox müsbət təsir edən amillərdəndir, yəni mütaliəsi zəngin olanlar həyatda daha mübariz olurlar. Müasir dövrdə uşaqlar daha dərin düşünürlər və məsələlər tez reaksiya verirlər.

“Uşaqların mənəvi dünyasında valideynlərin rolu misilsizdir”
Ümumiyyətlə, uşaqları mənəvi cəhətdən inkişaf etdirmək üçün bir çox yollar var. Burada isə valideyn amili əsasdır. Çünki, valideynlərin uşaqların mənəvi inkişafında birbaşa rol oynayır. Ona görə də, düşünürəm ki, valideynlər daim övladına nəzarət etməli və onunla daha yaxşı vaxt keçirməyi bacarmalıdır. Ümumiyyətlə, xalqımızın fiziki və mənəvi xüsusiyyətlərə sahib olan gələcəyini təmin etmək üçün sağlam təfəkkürlü uşaqlar, gənclər yetişdirməlidir”.

Aynurə Pənahqızı Demokrat.az

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

D
demokrat.az