10 sentyabr 2022-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Salyan rayon Olimpiya İdman Kompleksində cüdo idman növünün kütləviliyinin artırılması və perspektivli idmançıları aşkar etmək məqsədi ilə Milli Olimpiya Komitəsinin yaranmasının 30 illik yubileyinə həsr olunmuş cüdo idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.
Birincilikdə ilk öncə Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov idmançıları salamlayaraq bildirdi ki, bu il Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasından 30 il ötür. Bu müddət ərzində ölkəmiz ümumdünya olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevrilib, beynəlxalq miqyasda idman ölkəsi kimi tanınıb.Vaxtilə Ulu Öndər Heydər Əliyevin idman sahəsində müəyyənləşdirdiyi strateji vəzifələr bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyilə uğurla həyata keçirilir. Bu yarış rayonda cüdo idman növünün daha da kütləviləşməsinə təkan verəcək , perspektivli idmançıların aşkar olunmasına kömək edəcək.
Sonra cüdo idman növü üzrə məşqçi-müəllim Zaur Əliyev çıxış edərək bildirdi ki, Prezident cənab İlham Əliyevin göstərdiyi qayğı, habelə həyata keçirdiyi siyasət sayəsində Azərbaycan dünya miqyasında idman ölkəsi kimi şöhrət qazanıb. İdmançılarımız ən mötəbər yarışlarda yüksək nailiyyətlər əldə edir, Azərbaycan hər il yeni-yeni beynəlxalq turnirlərin təşkilatçısı kimi böyük nüfuz qazanır. Ölkəmizdə idmanın kütləviliyinin artırılmasında və sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri var.
Sonra açıq rayon birinciliyinə start verildi. Maraqlı idman mübarizəsi şəraitində keçən açıq rayon birinciliyinin yekununda I ,II , III yeri tutmuş idmançılar Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları və medalları ilə təltif olundular.






