Media Özəl

“Reket jurnalistika” və medianın üzərinə düşən missiya

“Reket jurnalistika” və medianın üzərinə düşən missiya

Əvəz Zeynallı həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət almaq ittihamı ilə bu gün saxlanıldı. Ortada səs yazısı var, Ə.Zeynallı R.Məmmədovun ailəsi ilə danışarkən, aldığı pulu qaytara biləcəyini deyir. Zeynallı əvvəlcə bu faktı təkzib etməyə çalışdı, daha sonra səs yazısında “qaytara biləcəyini” dediyi şeyin pul yox, sənədlər olduğunu dedi. Təbii ki, hər şey istintaq zamanı detalları ilə ortaya çıxacaq. Lakin hüquq-mühafizə orqanlarının səs yazısı ilə yanaşı, əlavə faktları olmasa, Zeynallının saxlanılmayacağı da bəllidir və məlumatlara görə, R.Məmmədovun ailəsi Zeynallıya rüşvət verdiyini bildirib.

Ə.Zeynallının keçmişi fonunda da yayılan səs yazısı və məlumatlar diqqəti rüşvət üzərində cəmləşdirir. Artıq bundan sonrasını istintaq müəyyən edəcək.

Bu məsələdə media ilə bağlı iki vacib amil var. İlk öncə “reket jurnalistika”ya qarşı daha sərt mübarizənin getdiyi faktı ortadadır. Mediada həyata keçirilən islahatların ən önəmli bəndlərindən biri də “reket jurnalistika”nın sıradan çıxarılması, bu peşənin şantaj vasitəsi olaraq istifadə edilməsinin qarşısını alınmasıdır. Son illər bununla bağlı müsbət nəticələrin əldə edildiyini görürür, xüsusilə peşəkar medianın ön plana çıxması diqqət çəkir.

Ə.Zeynallının rüşvət alması ilə bağlı səs yazısı faktının ictimaiyyətləşməsi, ardınca hüquq-mühafizə orqanlarının fakt üzrə araşdırmalara başlaması “reket jurnalistika”ya qarşı mübarizənin örnək nümunəsi hesab edilməlidir. Bu kimi addımlar medianın peşəkarlaşması, “reket jurnalistika”nın sıradan çıxarılması işinə töhfə verəcək.

Məsələnin digər, həm də ən vacib tərəfi rüşvət faktı üzərindən “söz azadlığı” kampaniyasının aparılmasıdır və bunun məqsədləri aydın görünür.

Müəyyən qruplar rüşvət faktı ilə bağlı aparılan istintaqı “söz azadlığına” qarşı “təzyiq” kimi qələmə verməyə çalışır. Hərçənd, bu reallığı dəyişdirmir, çünki ortada fakt var və dünyanın bütün ölkələrində belə faktlar mütləq prosesə hüquq-mühafizə orqanlarının daxil olmasını şərtləndirir. “Söz azadlığı” üzərindən aparılan kampaniya da faktı gizlətməyə, diqqəti məsələnin mahiyyətindən yayındırmağa hesablanıb.

Birinci məqsəd Ə.Zeynallının məsuliyyətdən yayındırılması məqsədi daşıyır.

İkinci məqsəd isə beynəlxalq təşkilatları Azərbaycan dövlətinə qarşı çıxmasına zəmin yaratmağa hesablanıb.

Ə.Zeynallının məsuliyyətə cəlb edilib-edilməyəcəyini istintaq müəyyən edəcək. Aparılan kampaniyanın həm də istintaqın gedişinə müdaxilə etmək məqsədi də ortadadır.

“Reket jurnalistika” və medianın üzərinə düşən missiya
Bununla yanaşı, bəlli qruplar üçün Ə.Zeynallının məsuliyyətə cəlb edilib-edilməməsinin çox da önəmi yoxdur. Onlar üçün vacib olan “Azərbaycanda jurnalist həbs edilir” kampaniyasını başlamaq, bağlı olduqları xarici dairələrə “donos hazırlamaq” və bundan dividentlər qazanmaqdır. İstisna deyil ki, kampaniyanın genişləndirilməsi cəhdləri də olacaq.

Halbuki, ortada fakt var və hüquq-mühafizə orqanları qanun çərçivəsində bu faktı araşdırmalı, qanunun aliliyini təmin edilməlidir. Zeynallının saxlanılması da məhz qanunun aliliyinin təmin edilməsi məqsədi daşıyır.

Azərbaycanda indiyə qədər baş vermiş bu və bu kimi hadisələr də “söz azadlığına” qarşı yox, mövcud faktların araşdırılması, baş verənlərə hüquqi qiymətin verilməsi məqsədi daşıyıb. Lakin təcrübə göstərir ki, hər dəfə belə hadisələrdə Azərbaycan dövlətinin imicinə qarşı qarayaxma kampaniyası aparılır, bu dəfə də eyni tendensiya müşahidə olunmaqdadır.

Məhz bunun olmaması üçün media rəhbərlərinin üzərinə də böyük missiya düşür. Bu missiya da “reket jurnalistika”ya qarşı mübarizənin “media kapitanları”nın özü tərəfindən aparılmasıdır. Qanunun pozulduğu faktı ortaya çıxırsa, hüquq-mühafizə orqanlarının müdaxilə etməsini qanunun özü tələb edib. “Media kapitanları” proseslərin bu mərhələyə çatmamasına çalışmalı, “reket jurnalistlər”i özü ifşa etməli, ictimai qınaq yaratmalıdır. Əks təqdirdə iş hüquq-mühafizə orqanlarının üzərinə düşür və bu da Azərbaycan dövlətinə qarşı qarayaxma kampaniyalarının aparılmasına səbəb olur. Əgər bir şəxs jurnalist adından istifadə edərək, rüşvət alırsa, onun reketçiliyinə qarşı medianın özü total şəkildə addımlar atmalı, jurnalist peşəsinin adını da, imicini də xilas etməlidir.

Zaur Hacılı Demokrat.az

D
demokrat.az