Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verildiyi haqqında məlumatlar yayılıb. Bu barədə sosial şəbəkələrdə videogörüntlər paylaşılıb. Həmin görüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.
Məsələ ilə bağlı psxioloq Fərqanə Mehmanqızı Demokrat.az-la fikirlərini bölüşüb. Psixoloq bildirib ki, belə məsələlərdə travmanı uşaqlardan çox valideynlər yaşayır:
“Çünki valideynlər belə halları gördükdə artıq onlarda reabilitasiya mərkəzlərinə güvənsizlik yaranır. Bununla da, onlar əlacsız qalırlar və bilmirlər ki, xüsusi problemi olan uşaqlarını hara aparsınlar ki, orada onların övladlarını incitməsinlər və düzgün müalicə etsinlər. Bu problemi valideynlər daim yaşayır. Bəs, uşaqlarda hansı travma olur? Bilirsiniz ki, nitqində problem olan uşaqlar əsəbi olurlar və onlar fikirlərini izah edə bilmirlər. Ümumiyyətlə, biz hirslənəndə, sevinəndə nitqimiz emosiyalarımızı ifadə etməyə bizə çox kömək edir. Ona görə də, emosiyalarını bildirə bilməyən uşaqlar çığırırlar. Emosiyalarını, fikirlərini, ağrısını-acısını bildirə bilməyən uşaq daha da aqressivləşir, daha da sinir sistemi pozulur, daha da vəziyyəti pisləşir”.
Psixoloqun sözlərinə görə, bu gün həmin sahədə ciddi nəzarətin olmaması sonda bu kimi problemlərin üzə çıxmasına şərait yaradır:
“İş orasındadır ki, belə mərkəzlərə heç kim nəzarət etmir. Yəni, kim harada istədi belə mərkəzlər açırlar. İstərdim ki, belə mərkəzlər aidiyyatı orqanlar tərəfindən nəzarətə götürülsün. Onda vətəndaşın da canı rahat olar və bilər ki, uşağını verir və dövlət nəzarət edəcək. Bu məsələdə valideynlərin özündə də çox günah var. Ümumiyyətlə, onlar uşaqlarını qoyarkən diploma baxırlarmı? Xeyr. Qeyd edim ki, adi bir maqazin açırsan, qida sektoru gəlir, burada qidaların keyfiyyətinə baxırlar. Yəni, hər bir qurumun özünün sağlıq sektoru var. Bəs bura kim baxır? Buradakı iş keyfiyyəti nə qədərdir?”.
F.Mehmanqızı qeyd edib ki, ümumiyyətlə, bölgələrdə vəziyyət daha gərgindir: “Bəzən bölgələrdən cavan qızlar gəlir və Bakıda 1-2 aylıq kurs keçirlər, “loqopedlik” oxuyur. Bu bir acı həqiqətdir ki, bizim universitetlərdə loqoped və psixoloq ixtisasını bitirənlər heç nə bilmir. Ona görə də, məcburdurlar ki, bu cür mərkəzlərə gedib təcrübə qazansınlar. Kursları bitirdikdən sonra isə sertifikat verilir. O kurslarda da nə öyrədilir, necə öyrədilir bilmirik?! Keyfiyyət nə qədərdir? Bilirsiniz ki, bölgələrdə evlilikdə qohumluq əlaqəsində nikahlar çox olduğuna görə, xüsusi qayğıya ehtiyacı olanlar da çoxdur. Bu xüsusi qayğıya ehtiyacı olan uşaqları da valideynlər ödəniş edib, reabilitasiya mərkəzlərinə aparmırlar. Aparanlar da görür ki, bir nəticə yoxdur. Bu günləri reabilitasiya mərkəzində yayılan videoda bir məqam diqqətimi çəkdi. Uşaq döyülür, amma insanlar rahat şəkildə gəzişirlər. Videoda göründüyü kimi, ətrafda insanlar gəzişsələr də, uşağın çığırtısına reaksiya verilmir. Bu, göründüyü kimi adi haldır. Adi evdə iki uşaq bir-birilə dalaşanda adam əsəbləşir. O ki qaldı reabilitasiya mərkəzində uşağın saçını yolurlar və ətrafdakılar buna adi baxır”.
“Çox təəssüf edirəm ki, belə reabilitasiya mərkəzlərində belə hadisələr olanda digər reabilitasiya mərkəzlərinin də adı batır. Bundan əlavə, videoda Aytac adlı xanım əməkdaşın adı keçir. Hesab edirəm ki, orada bir adamın üstünə düşmək düzgün deyil. Ümumiyyətlə, çox mərkəzlərdə mütəxəssis fəaliyyət göstərmir, çünki onlara uşaq verilmir. O da faizlə işlədiyi üçün işdən ayrılır. Nəticədə bəzi reabilitasiya mərkəzlərinə işə könüllüləri cəlb edirlər. Yəni, valideynlər də elə bilir ki, o mütəxəssislə işləyir. O könüllünün də, heç bir təcrübəsi yoxdur. Yanındakı müəllim də oturub, telefonla oynayır və sonda heç bir nəticə əldə olunmur. Yəni, mərkəzlərdə bir adam adı altında bütün komanda ilə işləyirlər. Bu isə çox faciədir. Bu barədə dəfələrlə deyilsə də, heç kim nəzarət etmir. Ona görə də, belə hallar baş verir”.
Aynurə Pənahqızı Demokrat.az


