“Qarabağ torpaqları bizim torpaqlarımızdır. O torpaqlardan bizi ermənilər zorla, böyük faciələrlə çıxardıblar. Hər kəs bilir ki, çox böyük faciələr və cinayətlər baş veribdir. Ona görə də, elə asanlıqla ermənilərlə birgə yaşayış mümkün olmayacaq və çətin məsələdir. Bunun da günahkarı ermənilərdir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. Partiya sədri qeyd edib ki, bu gün bu istiqamətdə müəyyən layihələr işləyirlər:
“Azərbaycan-Ermənistan cəmiyyətlərində dialoq, dostlaşma ilə bağlı müəyyən layihələrin işləndiyini görürük. Amma çox tezdir. Birincisi, bu, təbii şəkildə getməlidir. İkincisi də, ermənilər cinayətlərini etiraf etməlidirlər. Ondan sonra bu proseslər başlaya bilər. Biz bunu Qarabağ Azadlıq Təşkilatı olan vaxt da deyirdik. Bəzən deyirdilər ki, siz ermənifobiya yayırsınız. Biz fobiya yaymırıq, ermənilər törətdikləri cinayətlərə görə cavab verməlidirlər. Bunun günahkarı onlardır, onlar özləri bizə qarşı düşmənçilik ediblər. Ona görə də, çox çətin olacaq. Hər halda onlar oradan köçüb gedəsi deyillər. Səmimi şəkildə deyirəm ki, köçüb getsələr yaxşı olar. Xocalı, Ağdaban, Ballıqaya hamımızın faciəmizdir. Şəxsən mən təsəvvür etmirəm ki, erməni ilə sakit oturub, nəyisə müzakirə edə bilərəm, qonşuluq edə bilərəm. Minlərlə, yüzlərlə azərbaycanlı bu cür düşünür. Yüz minlərlə müharibədən birbaşa zərər çəkən insanlarımız var, yaxınlarını itirənlər var. Eyni zamanda, on milyon əhalimiz hamısı Xocalını, Ballıqayanı öz dərdi hesab edir. Bilirsiniz ki, qarda, boranda sakit, dinc insanlar, uşaqlar Laçından çıxıb gəlib Ballıqayada özlərinə çadır düzəltmişdilər. Axı, dinc əhalini gəlib qırmaq nə deməkdir? Bu cinayətin ölçüsü yoxdur. Biz Xocalını hər yerdə deyirik, amma dünyanın, heç özümüzün də tanımadığımız nə qədər faciə gətiriblər ermənilər bizim başımıza. Onlar çox böyük cinayət törədiblər. Ermənilərin regionda, Qafqazda qalması çox böyük problem olar. Reallıq budur”.
A.Nağı əlavə edib ki, əgər birgəyaşayış mümkün olarsa, o zaman təhsil mütləq Azərbaycan dilində aparılmalıdır:
“Azərbaycanın dövlət dili var, təhsil də mütləq dövlət dilində həyata keçirilməlidir. Azərbaycanda bir neçə dildə tədris həyata keçirilir. Sovet vaxtında onların əksəriyyəti rus dilində oxumağa üstünlük verirdilər. Eyni zamanda, onlar Qarabağın müəyyən bir hissəsində yaşayırlarsa,təbii ki, dil məsələsi ortaya çıxacaq. Hesab edirəm ki, onlara xüsusi bir şərait yaradılmamalıdır və tədris mütləq Azərbaycan dilində aparılmalıdır. Tutaq ki, ermənilər Rusiyada, Avropada yaşayırlar. Hansı ölkədə yaşayırlarsa, o dildə də təhsil alırlar. Ola bilər ki, erməni dilində özlərinin bazar məktəblərini açsınlar, özləri bilərlər. Bütövlükdə isə təhsil sistemi dövlətin qanununa uyğun olaraq Azərbaycan dilində olmalıdır”.
Aynurə Pənahqızı Demokrat.az


