"Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Ölkəmizin 1996-cı ildən Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlığı geniş sahələri-siyasi, iqtisadi, demokratik inkişaf, multikulturalizm, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, sosial müdafiə sahələrini əhatə edir və bu əməkdaşlıq Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində gündən-günə genişlənir. Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüş sülh danışıqları istiqamətində yeni bir mərhələdir. Mütamadi olaraq sülh razılaşmasına dair qəti addımlardan yayınan Ermənistan nəhayət ki, yaxın bir ay ərzində xarici işlər nazirlərinin sülh razılaşmasının mətni üzərində iş aparılması barədə öhdəlik götürüb".
Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib. 
K.Bayramov Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə dördüncü dəfə keçirilən görüşlərin postmünaqişə dövrünün reallıqlarının qəbuluna böyük töhfə olduğunu bildirərək qeyd etdi ki, son Brüssel görüşləri təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır. Prezident Şarl Mişel bəyanatında etimad və dinc yanaşı yaşayışı təşviq etmək üçün hər iki tərəfin humanitar addımlarının vacibliyini vurğulayıb. O, saxlanılan şəxslərin azad edilməsi və itkin düşmüş şəxslərlə bağlı problemin hərtərəfli həlli də daxil olmaqla, həll edilməmiş digər bütün humanitar məsələlərin tam və tez həllinin zəruriliyini vurğulayıb və Aİ-nin bu səyi dəstəkləməyə hazır olduğunu bildirib.
Deputat sonda əlavə edib ki, bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Cənubi Qafqazda dayanıqlı sülh mümkündür. İrəvandakı revanşistlərin bunu tez-gec qəbul etdəcəkləri qaçılmazdır. Artıq nəinki dünya, region düzəni də dəyişib. Hesab edirəm ki, üçtərəfli görüş Prezident İlham Əliyevin xarici siyasətinin növbəti uğurudur.
Demokrat.az


