“Laçının, Zabuxun, Susun Azərbaycanın nəzarətinə keçməsi sülh sazişinin imzalanmasını çox zəif təsir edəcək”. Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Politoloqun sözlərinə görə, onların sülh sazişinin imzalanması Ermənistanın ictimai şüurunda, eyni zamanda siyasi şüurunda nəhəng bir zəlzələyə bənzəyir:
“Demək olar ki, sülh sazişi müəyyən standard, modellərə və tələblərə uyğun imzlaanır. Orada tərəflər ilk növbədə bir-birinin ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını tanıyır. Ermənistanın son 31 il ərzində, o cümlədən əvvəlki dövlət siyasətində “Qarabağ Ermənistan torpağıdır” dururdu. Xatırlayırsınızsa, Nikol Paşinyan hoppanıb-düşəndə və deyəndə ki, “Qarabağ Ermənistandır.”, bu, Ermənistan dövlətinin hüquqi müddəalarını əks etdirirdi, hüquqi qanunlarını təsdiq edirdi. İndi belə alındı ki, Azərbaycan qanuni torpaqlarını qaytardı və Ermənistana deyir ki, dinc və mehriban qonşu kimi yaşamaq istəyirsənsə, Azərbaycanın ərazi bütövlüüyünü tanı. Ermənistan şüurla anlayır ki, bunu etməlidir və başqa çarə yoxdur. Yəni, Ermənistanın nə gücü, nə müttəfiqi, nə pulu, nə də əhalisi var ki, Azərbaycanla bərabər əsasda mübarizə aparsın. Amma, o biri cəhətdən beyinlərindəki şirin xülya var ki “Qarabağ Ermənistandır” bunu əhaliyə açıq şəkildə deməyə cürət etmirlər. Nəyə görə? Paşinyan bunu əməli sürətdə edir, amma açıq şəkildə deyə bilmir. Çünki açıq şəkildə desə quduz kimi üzərinə düşəcəklər və öldürə bilərər. Baxın, onlar belə ağır seçim qarşısında durur. Ya gerçəkliyi anlayıb, etiraf edib, sülh müqaviləsini imzalamalı, ya da məsələni uzatsınlar”.
Politoloq əlavə edib ki, onlar əsas ikinci yolu seçirlər:
“Ermənistan süründürməçiliklə məşğuldurlar və qəti söz deyə bilmirlər. Azərbaycan isə qəti şəkildə tələb edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımalısan, o cümlədən Qarabağın Azərbaycan torpağı olmasını tanımalısan! Əgər imzalanmasan sülh müqaviləsini biz onsuz da müharibə vəziyyətindəyik, onda da səni Laçında, Zabuxda vuracağıq. Sən Qarabağı iddia etsən, mən Zəngəzuru iddia edəcəm! Çünki Zəngəzurda yaşamış əhalim hələ də sağdır. Bunları doğma yurdlara qaytarmaq üçün əməliyyat keçirə bilərəm. Kim sənə kömək edəcək? Heç kim. Azərbaycan belə bir siyasi hərbi təzyiq vasitəsilə Ermənistana məcbur etmək istəyir ki, gerçəkliyi və beynəlxalq hüququ tanısın. Azərbaycan Respublikasının qanuni sərhdələri tanısın, ondan sonra isə adam balası kimi qonşu kimi yaşaya bilərik”.
Aynurə Pənahqızı Demokrat.az


