Gündəm Özəl

“Rusiyanın hücumlarının coğrafiyası genişlənəcək” — TƏHLİL

“Rusiyanın hücumlarının coğrafiyası genişlənəcək” — TƏHLİL

Bu gün artıq Rusiya-Ukrayna müharibəsinin 189-cu günüdür. Ukrayna Baş Qərargahının yaydığı məlumat görə, Rusiya indiyə qədər 47 900 hərbçi, 1 974 ədəd tank, 4 312 ədəd zirehli döyüş maşını, 1 091 ədəd artilleriya sistemi, 285 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 152 hava hücumundan müdafiə sistemi, 234 ədəd hərbi təyyarə, 204 ədəd helikopter, 3 236 ədəd avtomobil texnikası, 849 ədəd PUA, 196 qanadlı raket, 15 gəmi/qayıq, 103 xüsusi avadanlıq itirib. Təbii ki, Ukraynanın itkiləri də az deyil.

Qeyd edək ki, dünəndən etibarən Ukrayna artıq əks-hücuma başlayıb. Bu, böyükmiqyaslı proses olmasa da, amma ilkin addımdır. Hazırda əsas diqqət Xersona cəmləşib. Orada isə Rusiyanın azı 25 minlik ordusu var və bu, az qüvvə deyil.

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, qarşıdakı aylarda Rusiya-Ukrayna müharibəsinin daha da gərginləşmək ehtimalı var. Politoloq bildirib ki, Qərb tərəfindən Ukraynaya külli miqdarda silah-sursatın verilməsi də, bundan xəbər verir:

“Digər tərəfdən də Ukrayna öz hədəflərini gizlətmir və öz ərazilərini geri qaytarmaq niyyətindədir. Burada bir məsələ var ki, bunu Ukrayna etməsə, onda Rusiya ordusunun hərəkəti dayanmayacaq. Onlar hədəflərini ortalığa qoyublar. Deyirlər ki, müharibə coğrafiyasını genişləndirmək lazımdır. Yəni, Ukraynanın hücumu olmasa, Rusiyanın hücumlarının coğrafiyası genişlənəcək. Əlbəttə ki, Ukrayna ona adekvat olaraq addımlar atır. Qeyd edim ki, müharibənin coğrafiyasının genişlənməsi dedikdə, ayrı-ayrı dövlətləri deyil, Ukrayna daxili coğrafiyanı nəzərdə tuturam. Rusiyanın hədəfi də açıq-aydın burada bəllidir. Onun əsas hədəsi odur ki, ən azı Odessa və Qara dənizə çıxan əraziləri nəzarətə alsın. Əlbəttə ki, Ukrayna tərəfi rahat kənardan buna baxmayacaq və müqavimət göstərəcək. Hətta, əks-hücum edəcək ki, bu planlar reallaşdırılmasın”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az