Gündəm Özəl

“Sülh sazişi ilə bağlı işçi qrupları yarana bilər” — Sabiq diplomat

“Sülh sazişi ilə bağlı işçi qrupları yarana bilər” — Sabiq diplomat

Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş avqustun 31-də baş tutacaq. Növbəti görüşdən gözləntilər nədən ibarətdir?

Sualımızı sabiq diplomat, politoloq Fikrət Sadıqov cavablandırıb. Sabiq diplomat Demokrat.az-a açıqlamasında bildirib ki, bu görüşdə müəyyən nəticələr əldə oluna bilər:

“Təcrübə göstərir ki, keçən dəfə də Brüssel görüşündən sonra delimitasiya və demarkasiya məsələləri üzrə işçi qrupları yarandı. Onlar indiyə qədər fəaliyyətdədirlər və müəyyən məsələləri görüşərək, müzakirə edirlər. Hər halda müəyyən dinamika var. Bu dəfə bildiyimə görə, sülh sazişi ilə bağlı hansısa işçi qrupları yarana bilər. Çünki Brüssel vasitəçiliyi ilə danışıqların aparılması həmişə müəyyən nəticə verir. İndi böyük bir radikal nəticə olmasa da, hər halda addım-addım dinamika hiss olunur. Bu, təbii ki, bizim xeyrimizədir”.

Sabiq diplomatın sözlərinə görə, bu, Ermənistanın da öz maraqlarına cavab verən addımlardır:

“Çünki bizim əsas məqsədimiz Cənubi Qafqazda sülh və əmin-amanlıq yaratmaqdır. Görünür bunu Brüsseldə də yaxşı başa düşürlər. Düşünmürəm ki, ciddi radikal bir nəticələr, yaxud sazişlər imzalansın, amma, müəyyən addımlar atılacaq. Bunu da artıq biz və Ermənistan fayda ilə istifadə etməliyik. Çünki artıq postmünaqişə dövründə bizim təkliflərimiz də stol üstündədir. Biz bu sülh sazişin imzalanmasında tam maraqlıyıq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az