Mingəçevir şəhərində 1981-ci il təvəllüdlü Elşən şəxsi münasibətlər zəminində qaynı İltifata (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən bildirib ki, Oltifatın bacısı Sona ilə 2008-ci ildə ailə həyatı qurub, birgə nikahdan iki azyaşlı qız övladları var: Ailə qurduqdan sonra ailəm ilə birlikdə valideyinlərimə məxsus mənzildə yaşamışıq. Sona ilə aramızda ailədaxili münaqişə baş verdi. Həmin vaxt əsəbləşərək həyat yoldaşımı evdən qovacağımı söylədim. Bu səbəbdən də ertəsi gün səhər saatlarında arvadım evdə olmamağımdan istifadə edərək övladlarımı da götürərək evdən getdi”.
Elşənin sözlərinə görə, həmin gün axşam saatlarında işdən evə gələn zaman anası ona Sonanın övladları ilə birgə evdən getməsi barədə xəbər verib: “Bundan sonra Sonanın qohumlarına zəng etdim, onu axtarmağa başladım. Bir qədər sonra isə Sonanın dayısı oğlu Əlinin yaşadığı ünvana getməsini öyrəndim”.
Elşən bildirib ki, növbəti gün, saat 19.30-da yaşadığı evdə olan zaman qaynı İltifat, onun xalası Xatirə və dayısı oğlu Əli onun yaşadığı ünvana gəliblər: “Bu zaman Xatirə mənə kobud tərzdə nə üçün arvadımı evdən qovmağımı soruşdu. Həmin vaxt ona ailə işlərimə qarışmamasını tövsiyyə etdim. Bu zaman qaynım da mənimlə kobud tərzdə danışdığından aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı onlara mənzilimi tərk etmələrini söylədim. Həmin vaxt qaynım yaxamdan tutaraq özünə tərəf çəkdi. Bu səbəbdən əsəbləşdim və qəsdən başım ilə qaynımın sağ gözaltı nahiyyəsinə zərbə vurdum.
Bundan sonra İltifatın dayısı oğlu və xalası dava-dalaşa müdaxilə edərək bizi ayırdı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra anası onu sakitləşdirib və oradan uzaqlaşdırın: “Həmin vaxt qaynım İltifat, onun xalası Xatirə mənzili tərk edərək getdilər. Bir qədər sonra isə polis əməkdaşları yaşadığım ünavana gəldi və qaynım İltifatın şikayəti üzrə məni şəhər polis şöbəsinə apardılar”.
Elşən deyib ki, hadisədən sonra İltifatla yaxın qohum olduqları üçün barışıblar. O, əməlindən peşman olduğunu deyib.
Bu cinayət işinə Mingəçevir şəhərində baxılıb. Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Elşənin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


