Gündəm Özəl

PROQNOZ: “Meşə yanğınları daha da artacaq”

PROQNOZ: “Meşə yanğınları daha da artacaq”

“Son günlər ölkəmizdə meşə yanğınlarının baş verməsi təəssüfləndirici haldır. Ümumiyyətə, ölkəmizdə baş verən meşə yanğınlarının 80 faizi insanların ehtiyatsız davranışı ilə bağlıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında ekoloq Fikrət Cəfərov deyib. Ekoloq bildirib ki, ümumiyyətlə, bütün faktorlar bir-birinin üstünə düşür:

“Bildiyimiz kimi həm temperaturun yüksək olması, həm də iki aydır ki, ölkə ərazisinə yağıntının düşməməsi yanğınların sayını artırır. Digər amil isə yayda turistlərin fəaliyyətinin çoxalması ilə bağlıdır. Çünki çox adamlar təbiətə üz tuturlar və burada təbiətlə ehtiyatsız davranırlar”.

Ekoloq qeyd edib ki, əhalinin təbiətlə davranış mədəniyyəti çox da yüksək deyil:

“Məsələn, bəzən yolla gedərkən avtomobillərdən yanan siqareti yol kənarına necə gəldi atırlar. Aydındır ki, siqaret də yol kənarında quru ot üzərinə düşür və yanğın baş verir. Qeyd etdim ki, hazırda turizm mövsümüdür və insanlar meşələrdə, çay kənarlarında istirahətə yollanırlar. Bizim insanlar kabab bişirməyi, samovar qalamağı çox sevirlər. Tam söndürülməmiş həmin ərazini tərk edirlər vəhəmin kömürdə biraz külək olan kimi təzədən alaşır yanır və bu da nəticədə yanğına səbəb olur. İnsanlara izah etmək lazımdır ki, kabab bişirdikdən sonra ocağı tamamilə söndürmək lazımdır. Yəni, çox zaman insanlar közü sadəcə torpaqla örtürlər, ancaq kömür qalır və sonradan yanğına səbəb olur”.

“Bu il yanğının qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən Fövqaladə Hallar Nazirliyi tərəfindən çox işlər görülüb. Bilirsiniz ki, taxıl biçiləndən sonra fermerlər çox zaman həmin yerdə hissəsini yandırırlar. Guya bu, zərərvericiliyi öldürür, münbitliyi artırır və s. Ümumiyyətlə, bu fikirlər səhvdir və nəticədə yanğınlar baş verir. Fikirləşirəm ki, gələn ildən də yüz faiz yanğınlar artacaq. Ona görə ki, iqlimin dəyişilməsi nəticəsində quruluq aylar çoxalacaq. Burada isə yalnız çıxış yolu Ekologiya və Təbii Sərvətlər Nazirliyi və jurnalistlər ictimaiyyətlə işləməli, insanların savadını artırmalıdırlar”, - deyə ekoloq sonda qeyd edib.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az