Xəbər verdiyimiz kimi, Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş avqustun 31-də baş tutacaq.
Məsələyə münasibət bildirən siyasi şərhçi Oqtay Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, Brüsseldə keçirilməsi nəzərdə tutulan görüş əhəmiyyətli sayılır.
Analitik qeyd edib ki, may ayının 22-dən sonra Azərbaycan və Ermənsitan rəhbərləri növbəti dəfə bir araya gələcəklər:
“Doğrudur, son görüşdən indiyədək razılaşdırılmış məsələlərin əksəriyyətində çox da ciddi irəliləyişlər yoxdur. Bir neçə nəzərdə tutulan görüşlərin keçirilməsini istisna etsək, elə bir ciddi irəliləyiş əldə olunmayıb. Amma son ay ərzində Azərbaycan Laçın yoluna alternativ yolu istifadəyə verəndən sonra Ermənistan qarşısında Laçın şəhəri, Zabux və Sus kəndlərinin boşaldılması, orada qeyri-qanuni məskunlaşdırılmış, Yaxın və Orta Şərqdən gətirilmiş ermənilərin çıxarılması məsələsini qoydu. Bu prosesi ləngidən, o cümlədən terror hadisələrinə baş vuran Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə qarşı əməliyyat keçirildi, bir çox yüksəkliklər nəzarət altına alındı və bundan sonra proses sürətləndi. Brüssel görüşünə qədər artıq tam şəkildə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın tam nəzarətinə keçdi. Bundan sonra alternativ Laçın yolu da işə başlayacaq”.

O.Qasımov qeyd edib ki, Brüsseldə müzakirə olunacaq məsələlərin siyahısı kifayət qədər genişdir:
“Bu, həm üçtərəfli bəyanat üzrə Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsidir, o cümlədən həm Rusiya tərəfinin vasitəsilə keçirilən üçtərəfli görüşlər, həm də Avropa Birliyinin təşəbbüsü ilə keçirilən görüşlərdə razılaşdırılmış məsələlərin və öhdəliklərin yerinə yetirilməsi məsələsi olacaq. Düşünürəm ki, bu görüşdə Azərbaycan tərəfinin gündəliyə gətiriləcək məsələlər sırasında ilk növbədə hal-hazırda Rusiya sülhməramlıların nəzarəti altında olan ərazilərdə qalmaqda olan Ermənistan silahlı birləşmələrinin və onlara bağlı olan Qarabağdakı separatçıların, silahlı birləşmələrin çıxarılması məsələsi qəti şəkildə qoyulacaq. Bunun həyata keçirilməsi Ermənistan tərəfindən tələb ediləcək. Növbəti digər məsələ əlbəttə ki, Zəngəzur dəhlizi ilə bağlı olan məsələdir. Çünki Ermənistan bu prosesi də yubatmağa çalışır və bununla bağlı ümumiyyətlə, qeyri-real və reallıqlardan uzaq təkliflərlə çıxış edir. Yəni, Zəngilandan Ordubadı birləşdirəcək 42 kilometrlik məsafənin əvəzinə Ermənistan tərəfi Kəlbəcər, Qazax və Qubadlı istiqamətindən sərhəd keçid məntəqələrinin qurulmasını və o ərazilərdən istifadə edilməsini təklif edir ki, bunlar gələcəyin işidir“.
Onun sözlərinə görə, hazırda bir nömrəli məsələ Azərbaycanı Naxçıvanla birləşdirən dəhlizdir:
“Bu, Mehri üzərindən olacaq dəhlizdir ki, Azərbaycan bunda israr edəcək və Ermənistan tərəfindən Zəngəzur dəhlizi ilə bağlı konkret mövqe tələb olunacaq. Bundan başqa əlbəttə ki, sərhədlərin delimitasiya və demarkasiyası məsələləri müzakirə olunacaq və Ermənistandan bu prosesi ləngitmək artıq cəhdlərinə son qoymaq tələb olunacaq. Bundan başqa, sülh müqaviləsinin hazırlanması ilə bağlı işlərin vəziyyəti müzakirə olunacaq. Bu istiqamətdə yəqin ki, hansı addımların atılması qərarlaşdırılacaq, çünki bu məsələlər hamısı bildiyimiz kimi, əvvəlki görüşlərdə müzakirə olunacaq. Bundan başqa, əlbəttə ki, düşünürəm ki, Azərbaycan tərəfi Birinci Qarabağ savaşı zamanı Ermənistan tərəfindən əsir götürülən və bugünədək də itkin kimi tanınan, talelərindən xəbəri olmayan 4 minə qədər soydaşımızın məsələsi gündəmə gətiriləcək. Bundan başqa, düşünürəm ki, minalı sahələrin xəritələri məsələsi bir daha gündəmdə olacaq. Xüsusilə də, Ermənistandan soruşulacaq və sual ediləcək məsələlər var. Bunlardan biri bir neçə gün əvvəl Laçın rayonun Sarıbaba yüksəkliyində Ermənistan istehsalı olan və 2021 -ci ildə istehsal olunan minalardır. Təbii ki, bu da Ermənistanın hərbi cinayətləri kateqoriyasına daxil olan məsələdir. Yəni, belə götürdükdə kifayət qədər müzakirə ediləcək ciddi məsələlər var. Hər halda bu görüş müəyyən qədər proseslərin sürətlənməsinə kömək edə bilər“.
Aynurə Pənahqızı Demokrat.az


