Amerika Birləşmiş Ştatlarının (ABŞ) ATƏT-in Minsk Qrupuna yeni həmsədr təyinatı ilə bağlı addımına normal izah tapmaq mümkün deyil. Ola bilməz ki, ABŞ adminstrasiyasının Minsk Qrupunun faktiki olaraq fəaliyyət göstərmədiyindən, ələlxüsus qrupun fəaliyyəti və ya daha 30 il baş qatması üçün zəmin qalmadığından xəbəri olmasın.
Bütün dünya bilir ki, məhz ABŞ başda olmaqla Minsk Qrupunun digər həmsədrlərinin düz 30 ilə yaxın davam edən ədalətsiz mövqeyi Dağlıq Qarabağ probleminin sülh müstəvisində boşuna araşdırılması ilə sonuclanıb və Azərbaycan davamlı erməni təxribatlarına cavab olaraq hərbi əməliyyata başlayıb, əzəli torpaqlarını işğaldan azad edib. Artıq 2 ilə yaxındır münaqişə bitib, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin birgə imzaladıqları bəyanat icra edilməkdədir. Dağlıq Qarabağ adlanan ərazi subyekti mövcud deyil və Ermənistan belə istər-istəməz bu reallığa, imzalanan bəyanata uyğun addımlar atmaqdadır.
Regionda əməkdaşlıq mühitini formalaşdırmaqla onun inkişafına təkan vermək üçün addımların atıldığı bir dönəmdə ABŞ-ın yadına Minsk Qrupunun düşməsi, bu qurumu dirçəltmək üçün addımlar atması bir yandan gülünc təsir bağışlasa da, digər yandan bunun təsadüf olmadığı dəqiqdir.
Mümkündür ki, ABŞ bundan rəsmi Bakıya qarşı təzyiq vasitəsi kimi istifadə etsin. Zaman göstərib ki, Qərb hansısa istəyinin icrasının mümkün olmadığı cavabını aldıqda Azərbaycan kimi müstəqil siyasətə malik ölkələrə təzyiq üçün müxtəlif variantlara əl atır. Bu, ya çeynənmiş insan haqları, demokratiya adı ilə, ya da bu cür addımlarla həyata keçirilir. Regionda gərgin proseslərin getdiyi bir vaxtda, Rusiya-Ukrayna müharibəsinin uzandığı bir dönəmdə ABŞ-ın “ölü” Minsk Qrupu ilə məşğul olmağa vaxt tapması bu ehtimalı daha da gücləndirir.
Digər variant isə ABŞ-ın indiki adminstrasiyasının ermənipərəst olması ilə bağlı ola bilər. Məhz indiki ABŞ hakimiyyəti özünün ermənipərəstliyi ilə digər iqtidarları geridə qoyur. Qondarma erməni soyqırımını belə tanıyan mövcud ABŞ iqtidarının 44 günlük Vətən müharibəsindən sonra tutduğu ədalətsiz mövqe göz önündədir. Ötən ilin sentyabrında ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin ardıcıl olaraq Dağlıq Qarabağ münaqişəsinin hələ həll olunmadığı və bu istiqamətdə səylər göstərilməsinin zəruriliyini dilə gətirməsi hamının yaxşı xatirindədir. Zaman bir daha göstərir ki, ABŞ iqtidarı məhz səfirin simasında səslənən bəyanatlar çərçivəsində davranır. Bu fəaliyyətin mayasında Cənubi Qafqaz regionunda münaqişənin yenidən alovlanması, Ermənistanda revanşizm meyllərinin daha da güclənməsi və qalib gəlməsi dayanır. ABŞ mövcud olmayan Minsk Qrupuna həmsədr təyin etməklə bunu bir daha yəqinləşdirir.
ATƏT-in Minsk Qrupunun əsas həmsədrlərindən biri kimi ABŞ-ın 30 illik səmərəsiz fəaliyyəti əslində sadalananlara xidmət edirdi desək, yanılmarıq. Çünki ötən 30 ildə ABŞ güc mərkəzi kimi problemin ədalətli, beynəlxalq hüquq çərçivəsində həllinə doğru heç bir addım atmayıb və rəsmi Vaşinqtonun bütün cəhdləri məsələnin konservasiyasına yönəlmişdi.
ABŞ-ın Minsk Qrupunun həmsədri kimi fəaliyyəti nə ilə yadda qalıb? 30 ilə yaxın dövrün hər ilinin başlanğıcında münaqişənin bu il həllini tapacagı kimi yalan vədlər vermək, Ermənistanın davam edən işğalçılıq siyasətinə, Azərbaycan torpaqlarının talan olunmasına susmaq, Ermənistanın törətdiyi bütün biabırçılıqları və özbaşınalıqları görməzliyə vurmaq, üstəlik işğalçı ölkəyə mümkün maddi yardımlar etmək.
ABŞ-ın indiki mövqeyi də sülhə xidmət etmir. Belə olmasaydı, ABŞ indiki mərhələdə davamlı sülh prosesinə töhfə vermək üçün öz potensialını ortaya qoyar, gizli və açıq şəkildə Ermənistana himayədarlıq etməz, yenidən münaqişə ocağı yaratmağa yönələn siyasət yürütməzdi.
Artıq məsələ ilə bağlı Azərbaycan XİN bəyanat verib. Bildirilib ki, faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər: “Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız anlamalıdır ki, Azərbaycan Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqların Qarabağ məsələsi ilə əlaqələndirilməsi heç də normallaşmaya xidmət etmir”.
Beəliliklə, ABŞ nəhayət ki, haqqın, ədalətin, beynəlxalq hüququn yanında durmalı, ikiüzlü, sülhə xidmət etməyən mövqeyindən əl çəkməlidir. Atdığı bu kimi addımın 2020-ci ilin noyabrınadək davam etmiş işğala, onu törədən qurumlara, şəxslərə dəstək olduğunu və onları yenidən həvəsləndirməyə xidmət etdiyini anlamalıdır.
Fransa və Rusiya həmsədrlikdən imtina etdikləri halda, ABŞ yenidən belə bir statusda şəxs təyin etməsi Azərbaycanla əməkdaşlığa xidmət etməyən davranışdır. Eyni zamanda, ermənidən artıq ermənipərəsrlikdir... Bu yanlış siyasət ABŞ-ın indiki normallaşma prosesindən tam kənarda qalması ilə sonuclana bilər.
Elman Babayev Əməkdar jurnalist Demokrat.az


