“44 günlük Vətən Müharibəsinin nəticəsi olaraq torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz təmin edilib. Bu tarixi qələbənin qazanılmasında Müzəffər Ali Baş Komandan, yenilməz Ordu və qalib xalqımızın birgə səyləri müstəsna rolunu oynayıb. İndi isə qarşımızda yeni hədəflər dayanır. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilər üzərində tam suverenliyimizin təmin edilməsi, bu xüsusda Xankəndi üzərində də Azərbaycanın Dövlət bayrağının dalğalanması məsələsi əsas hədəflərdən biridir. Artıq bu istiqamətdə ciddi işlər gedir. Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi kimi, biz nəyi nə vaxt və necə edəcəyimizi çox yaxşı bilirik. Yaxın günlərdə Laçın şəhəri, ətrafındakı Zabux və Sus kəndləri üzərində də suverenliyimiz tam şəkildə təmin ediləcək. Bu proses məntiqi sonluğuna yaxınlaşmaqdadır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat tarixi ərazilərimizə qayıdışı, suverenliyin bərpası perspektivlərindən də danışıb: “Bu məsələlərlə bağlı dövlətimizin ali rəhbərliyinin konkret və prinsipial mövqeyi var. Ermənistan tərəfi yenə də status məsələsini qabartsa, Azərbaycana qarşı ərazi iddialarından yenə də əl çəkməsə, Qarabağla bağlı status məsələsini hər dəfə dilə gətirsə, bu istiqamətdə əməli addımlar atsa, biz də belə olan halda 1920-ci ilin ədalətsizliyinə qarşı haqq səsimizi ucaldacağıq. 1920-ci ildə qeyri-qanuni olaraq Qərbi Zəngəzur torpaqları Ermənistana verilib və həmin torpaqların geri qaytarılması ilə bağlı məsələni gündəmə gətirə bilərik. Ermənistan bunu heç vaxt yaddan çıxarmasın. Ermənistana qarşı haqqa, ədalətə söykənən və tarixi reallıqlara əsaslanan ərazi iddiamız ola bilər. 1918-ci ilin may ayında Cümhuriyyət liderləri həmin dövrün reallıqlarını nəzərə alıb İrəvan şəhərini Ermənistanın paytaxtı kimi vermişdilər. İndi cənab Prezidentin tutduğu xətt ondan ibarətdir ki, biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Zəngəzur dəhlizini işə salacağıq və öz tarixi torpaqlarımıza dinc yolla qayıdacağıq. O ərazilərdən keçəcəyik, ora bizim tarixi ərazilərimizdir. Ermənistan tərəfi beynəlxalq aləmə hay-küy salıb belə bir dezinformasiya yaymasın ki, guya müharibə yolu ilə İrəvanı geri alacağıq. Bizim belə niyyətimiz yoxdur. Sadəcə olaraq, Qərbi Zəngəzur torpaqları ilə bağlı da siyasətimizi həyata keçiririk. Bunu iqtisadi yolla, nəqliyyat, kommunikasiya xətlərinin açılması yolu ilə reallaşdırırıq. Bu, özü tarixi qayıdışdır. Mədəni, sivil yolla öz tarixi torpaqlarımıza qayıdış! Bu, heç bir halda erməni xalqına və Ermənistan dövlətinə qarşı yönəlmiş siyasət deyil. Bu, əslində qonşu dövlətlər arasında əməkdaşlıq münasibətlərinin məntiqi nəticəsi kimi qiymətləndirilir”.
E.Nəsirov bütöv Azərbaycan torpaqlarının bərpası istiqamətindəki müzakirələrdə Təbriz şəhərinin adının hallanmasına da münasibət bildirib: “İranla bağlı ərazi iddiamız gündəmdə olan məsələ deyil. İranla mehriban qonşuluq siyasətinə sadiqik və münasibətlərimizin inkişafında maraqlıyıq. İstəyirik ki, istənilən məsələ, problem dinc, diplomatik danışıqlar yolu ilə tənzimlənsin. İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Azərbaycanda İranın. Biz mehriban qonşuluq münasibətləri çərçivəsində əməkdaşlığımızın bundan sonra da inkişafı və dərinləşməsinə maraqlıyıq”.
Demokrat.az


