Xəbər verdiyimiz kimi, avqustun 9-da Konya şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub. Görüşdə bölgədə postmünaqişə dövrü ilə bağlı fikir mübadiləsi aparıldı, eyni zamanda, iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bunları söyləyib:
“Təbii ki, həmişə olduğu kimi, bu dəfə də gündəmdə ikitərəfli münasibətlər mövzusu var idi. Hesab edirəm ki, digər mövzular da mütləq müzakirə olunmalı idi, o cümlədən də Ermənistan-Azərbaycan münaqişəsi. Biz görürük ki, həm səfər ərəfəsində, həm də səfər vaxtı bu mövzuya aid hansısa açıqlamalar və mövqelər var idi. Yəni, dəstək ifadəsi oldu. Hesab edirəm ki, Azərbaycan-Türkiyə gündəmində məsələlər həmişə çoxdur. Müttəfiqlik məhz bundan ibarətdir ki, daima tərəflər bir-birilə gördüyünü koordinasiya şəklində müzakirə edir. Yəni, həm Türkiyə, həm də Azərbaycan beynəlxalq səviyyədə koordinasiya mövqeyi sərgiləyirlər”.
Aynurə Pənahqızı Demokrat.az


