Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb.
Millimizin taekvondoçusu Qaşım Maqomedov İslamiadada çıxışını bürünc medalla başa vurub.
58 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz startda BƏƏ idmançısı Muşari Məhəmmədə 2:0 hesabı ilə qalib gələrək 1/4 final mərhələsinə adlayıb. O, ikinci qarşılaşmasında pakistanlı Xan Harunla üz-üzə gəlib. Gərgin keçən döyüşdə Maqomedov 2:1 hesabı ilə qələbə qazanıb.
Yarımfinalda İran idmançısı Lotfi Hosseinlə qarşılaşan Qaşım məğlub olaraq, bürünc medalla kifayətlənib.
Digər taekvondoçularımızdan Səyyad Dadaşov (54 kq) 1/4, Səidə Əliyeva (57 kq) və Röya Hacıyeva (53 kq) isə 1/8 finalda mübarizəni dayandırıblar.
Qeyd edək ki, İslamiadada taekvondo yarışları 4 gün keçiriləcək və avqustun 12-də başa çatacaq.
Demokrat.az


