“Hazırda Azərbaycanla Ermənistan arasında sülhə mane olan əsas tərəf Rusiyadır. Qərbin isə bu işdə marağının olması görünmür. Birincisi, ona görə ki, Azərbaycanla Ermənistan arasında hal-hazırda gedən birbaşa danışıqlara Avropa Birliyi vasitəçilik edir. Avropa Birliyi də Qərbin böyük bir hissəsidir. Avropa Birliyi əgər bu prosesə mane olmaq istəsəydi, o tərəflərdən birinin mövqeyini tutub qarşı-qarşıya qoymağa çalışardı. Amma, gördüyümüz odur ki, o tərəfləri bir araya gətirmək istəyir”. Bu fikirləri Demokrat.az-a açıqlamasında “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib.
Politoloqun sözlərinə görə, Qərb bölgədə sülhün əldə olunmasında maraqlıdır:
“Bildiyimiz kimi, bu yaxınlarda Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Bakıda səfərdə oldu və Azərbaycanla Avropa Birliyi arasında “Avropa ölkələrinə qaz nəqli haqqında” bir memorandum imzalandı. Qeyd edim ki, belə layihələrin işləməsi üçün ilk növbədə əmin-amanlıq şəraiti tələb olunur. Ona görə, mən düşünmürəm ki, bu sülhün əldə olunmasında maraqlı olmayan Qərbdir. Ən azı Qərbi özünün marağında deyil ki, bölgədə sülh prosesi pozulsun, yaxud da hərbi aktivlik artsın. Onu da qeyd edim ki, hazırda Azərbaycanın sərhədləri boyu, ilk növbədə Tovuzda və bundan başqa Naxçıvana yaxın ərazilərdə Ermənistan ərazisində Rusiya qoşunları toplanır, həmçinin Tovuzda yeni hərbi baza qurulur. Buradan da məntiqli sual çıxır ki, əgər Rusiya doğurdan da, sülhə nail olmaq istəyirsə, niyə belə addımlar atılır? Yaxud da, elə götürək “sülhməramlı” deyilən və Qarabağda yerləşdirilən silahlı qüvvələrin davranışını. Əgər onlar sülh istəyirsə, sülh anlaşmasına nail olmaq istəyirsə, birinci Azərbaycan ərazisindən erməni silahlı qüvvələrinin çıxarılmasına nail olmalıdırlar. Bu, onların 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından irəli gələn öhdəlikdir. Amma, biz bunun tam əksini görürük. Bu yaxınlarda dövlət başçısı İlham Əliyev də bunu açıq şəkildə bəyan etdi. Burada belə bir məntiqi nəticəyə gəlmək olar ki, bölgədə sülhün olmasını istəməyən Rusiyadır. Təbii ki, Qərb də mələk deyil. Qərb də elə məqamlar olub ki, Azərbaycana təzyiq vasitəsi kimi Ermənistandan istifadə edib. Amma, bugünkü situasiya görünən daha çox Rusiyanın bu istiqamətdəki fəaliyyətidir".
Aynurə Pənahqızı Demokrat.az


