“Hazırda ölkəmizdə kifayət qədər ciddi mətbuat orqanları, xəbər saytları və peşəkar jurnalistlər ordusu mövcuddur. Cənab Prezident İlham Əliyev peşəkar, savadlı, qərəzsiz jurnalistlərə hər zaman xüsusi diqqət və qayğı göstərir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Deputat bildirib ki, Azərbaycanda çoxlu sayda jurnalist dövlət tərəfindən pulsuz olaraq mənzillərlə təmin olunub, onlara fəxrli adlar verilib:
“Təəssüflə qeyd etmək lazımdır ki, bu gün təsadüfi yollarla jurnalistikaya gələn, jurnalistikada reketçiliklə məşğul olan insanlar da var. Bu insanlar jurnalist adından istifadə edərək nüfuzlu insanları, dövlət qurumlarını şantaj edəcəklərini ilə hədələyərək, onlardan pul tələb edirlər. Bildiyimiz kimi, reket jurnalistika ilə məşğul olan bir neçə sayt rəhbəri və jurnalist aşkarlanaraq cinayət məsuliyyətinə də cəlb olunub. Məhkəmənin qərarı ilə onlar azadlıqdan məhrum ediliblər”. Deputat qeyd edib ki, bu hadisələr doğurdan da ictimaiyyəti narahat edir və ciddi bir məsələdir:
“Reket jurnalistika ilə məşğul olan insanlar barədə hüquq-mühafizə orqanlarına da müraciətlər daxil olur. Respublikanın baş prokuroru cənab Kamran Əliyev də çox haqlı olaraq insanların işgüzar imicinə ləkə vurmağa çalışan, müxtəlif vasitələrlə şantaj etmək istəyən reket jurnalistlərə qarşı qanun çərçivəsində sərt tədbirlər görəcəyini vurğulayıb. İstər məmur, istərsə də sadə vətəndaşlarımız bilməlidir ki, Azərbaycan hüquqi demokratik ölkədir və kimliyindən, hansı peşəyə malik olmasından asılı olmayaraq, hamı qanun qarşısında eyni məsuliyyət daşıyır”.
Aynurə Pənahqızı Demokrat.az


