Tofiq Şahmuradov və Bəxtiyar Hacıyev. Bu şəxslər Azərbaycanın dövlət təhlükəsizliyinə qarşı dezinformasiya maşınının “sürücüləri” sırasındadır.
Şahmuradov ordumuzun dislokasiya yerləri haqqında saxta məlumatları sosial şəbəkələrdə tirajlaması ilə tanınır. Onun keçmişi haqda qaranlıq məqamların olduğu deyilir, hazırda isə konkret faktlar var. Jurnalist, yaxud hərbçi olduğu bəlli olmayan bu şəxs hətta hərbi hissələrin nömrələri və yerləri haqda da məlumatlar yayır. Eyni zamanda, hərbi birliklərin dislokasiya yerlərinin görüntülərini paylaşır və ordu haqda qarayaxma kampaniyası aparır.
Sual yaranır ki, məqsəd nədir? Bir şəxs hərbi hissənin nömrəsi və yeri haqda məlumatı sosial şəbəkələrdə paylaşmaqla kimə məlumat ötürür? Yaxud Vətən müharibəsində zəfər qazanan və regiondakı yeni reallıqları təmin edən Azərbaycan Ordusu ilə bağlı qarayaxma kampaniyasının hədəfi nədir?
T.Şahmuradov fəaliyyətinə görə inzibati məsuliyyətə cəlb olundu. Hərçənd, onun yaydığı informasiyalar fonunda bu cəzanın yüngül olduğunu düşünənlər də var. Çünki hədəf ölkənin təhlükəsizliyinin qarantı olan ordumuzdur və orduya qarşı istənilən addım bağışlanmaz olmalıdır. Bu, təkcə Azərbaycanda yox, dünyanın hər yerində belədir.
İnzibati məsuliyyətə cəlb edilən T.Şahmuradovla yanaşı, Bəxtiyar Hacıyevin adını təsadüfən yanaşı yazmamışıq. Şahmuradov orduya qarşı saxta informasiya kampaniyası aparırsa, Bəxtiyar Hacıyev bunu Daxili İşlər Nazirliyinə qarşı edir. Motiv eynidir, yəni hər iki şəxsin vasitəsi saxta informasiyadır, hədəf də eynidir, hər iki şəxs ölkənin milli təhlükəsizliyinə qarşı hərəkət edir.
Əgər Azərbaycan əsgəri səngərdə ölkənin milli təhlükəsizliyini müdafiə edirsə, Azərbaycan polisinin cəbhəsi, səngəri vətəndaşların hüquqlarının qorunması, onların təhlükəsizliyinin müdafiəsidir. Azərbaycan polisi I Qarabağ müharibəsində cəbhədə Vətənin müdafiəsində əzmlə çalışırdı, II Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşdü.
I Qarabağ müharibəsində Azərbaycan polisi 1695 şəhid verib, 1710 polis əməkdaşı isə yaralanıb. Vətən müharibəsində isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu yaralanıb. Prezident İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsində qəhrəmanlıqla döyüşən Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər müxtəlif orden və medallara təltif olunub, bununla yanaşı, 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Bu gün işğaldan azad edilmiş ərazilər də daxil olmaqla respublikanın hər yerində polislərimiz xidmət edir.
Ordumuz dövlət sərhədinin keşiyində dayanır, polisimiz sabitliyin, ictimai asayişin keşiyində. Hər iki güc strukturunun məqsədi milli təhlükəsizliyimizin qorunmasıdır və əsgərimiz də, polisimiz də “qırmızı xətt”imiz olmalıdır. Çünki bu strukturlar olmasa, yaxud ikisindən biri sıradan çıxarsa dövlətin də, xalqın da təhlükəsizliyi təhlükə altına düşəcək. Bunu yalnız Azərbaycanın düşmənləri istəyir.
Tofiq Şahmuradov əsgəri, Bəxtiyar Hacıyev isə polisi hədəfə alır. Onlar niyə bunu istəyir? Məqsədləri nədir? Kampaniya sifarişdirmi? Bu suala zamanla aydınlıq gətiriləcək. İndi ortada olan fakt budur ki, Şahmuradov və Hacıyev kimilər ölkənin informasiya mühitində xaos yaratmağa cəhd edir və bu cəhdlər milli təhlükəsizliyə risklər yaradır.
Bu baxımdan, dövlətin qanunvericiliyə uyğun atdığı addımlarla yanaşı, cəmiyyət də mübarizə aparmalı, əsgərimizi, polisimizi, ümumiyyətlə, təhlükəsizliyimizi qorumaq işinə töhfə verməlidir. Çünki hədəfdə olan təkcə əsgərimiz, polisimiz deyil, həm də onların təmin etdiyi təhlükəsizliyimizdir.
Zaur Hacılı Demokrat.az


