“Bildiyimiz kimi, Cənab Prezident yeni icra başçılarını qəbul edərkən çox vacib bir neçə məqama toxundu. Bunlardan biri də rayonlardakı abadlıq-quruculuq infrastuktur layihələrin geniş vüsət alması idi ki, hazırda demək olar ki, ölkədə paralel şəkildə bərpa işləri davam edir, yəni tək diqqət mərkəzində Qarabağ deyil, bərpası lazım olan bütün regionlara diqqət və vəsait ayrılır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Müşfiq Cəfərov deyib. Deputat qeyd edib ki, icra başçılarının əsas devizi məhz ölkə başçısının tapşırıqları olmalıdır:
“Nəinki icra başçıları, bütün məmurlar vətəndaş narazılıqlarının qarşısını almaq üçün çalışmalıdır. Göygöl, Lerik və Masallının turizm potensialı olduqca yüksək ərazilərdir. Hər üç rayonda yol infrastrukturu yenilənib və bu gün də bu işlər davam edir.

Qəbulda ölkə başçısı xarici investorların cəlb olunmasının da vacibliyini vurğulayıb. Artıq demək olar ki, bu gün xarici ölkələrlə əlaqələr yüksək səviyyədədir, şəhər və rayonlarımız da bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcək potensiala malikdir. Pandemiyanın ən çətin günlərinin də getdikcə başa çatdığını nəzərə alsaq, icra orqanları tərəfindən xarici ölkələrin nümayəndələrinin dəvətilə mədəniyyət, idman, kənd təsərrüfatı və başqa sahələrdə müəyyən tədbirlər təşkil etməklə, həm turist axının artıra, həm də xarici şirkətlərin nümayəndələrinin cəlb olunmasını təmin edə bilərlər”.
Millət vəkilinin sözlərinə görə, xarici investorları ölkəmizə dəvət edib, onlarda bölgələrin real mənzərəsi haqda tam təsəvvür yaradılmalıdır:
“Çünki onlar hansısa ölkəyə investisiya qoymaq istəyəndə həmin ölkəni tam öyrənirlər, ölkənin hərtərəfli imicini nəzərə alırlar. Ölkə başçısı şəhid ailələri və qazilərlə bağlı tapşırığı bütün struktura ünvanlanmış kimi qiymətləndirilməli, hər kəs tərəfindən əməl olunmalıdır. Azərbaycan hökuməti bir tərəfdən Qarabağda quruculuq işləri həyata keçirir, ata-baba yurdlarından didərgin düşən sakinlərimizi öz doğma torpaqlarına qaytarır, digər tərəfdən də şəhid ailələri və qazilərin bütün ehtiyaclarının ödənilməsi üçün müvafiq qanun və qərarlar qəbul edir. Hər bir məmur ölkə başçısı tərəfindən yaradılan bu şəraitdən maksimum faydalanıb, vətəndaş məmnunluğunu təmin etməli, dövlətin inkişafına öz töhfəsini verməlidir”.
Aynurə Pənahqızı Demokrat.az


