Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı, Xocalının sabiq icra başçısı Elman Məmmədov aprelin 15-də Rusiyanın təşəbbüsü, həmsədrlərin və ATƏT sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Moskvada keçirilən Qarabağ danışıqları zamanı Azərbaycanlıların və ermənilərin qarşılıqlı səfərlər etməsi ilə bağlı əldə olunan razılıqdan danışıb.
Deputat Demokrat.az-a açıqlamasında bildirib ki, indiki halda bu razılıq Azərbaycanın maraqlarına ziddir:
"Ermənilərin 30 ilə yaxın bu cür əməllərini araşdırıb baxırıq. Biz bundan nəticə çıxarmalıyıq. Bütün bunların hamısı ermənilər üçün vaxtı uzatmağa, udmağa lazımdır. İndi də Moskvada Lavrovun və digər şəxslərin iştirakı ilə görüş keçirilib. Bu cür görüşlər bəlkə də artıq 200-üncüdür. Belə görüşlərin hamısında ermənilər müxtəlif vasitələrlə, variantlarla, pozuculuq və təxribatlarla vaxtı uzatmağa çalışırlar. Sual olunur: indiyədək ermənilər keçirilən görüşlərin nəticəsi olaraq hansı konstruktiv addımlar atıblar? Əksinə, vaxtı uzadırlar. Vaxtın uzanmağı isə ermənilərə sərf edir. İlk növbədə ötən illər ərzində bizim işğal altında olan ərazilərimizdəki bütün izlərimiz silinir. Yurd-yuvalarımızı, tarixi və mədəniyyət abidələrimizi dağıdıblar, yeraltı və yerüstü sərvətlərimizi dağıdırlar. Bunun əvəzində isə ermənilər həmin torpaqlarda özlərinin saxta izlərini qoymağa çalışırlar, kilsələr, məktəblər və digər obyektlər tikirlər, xarici şirkətləri ora cəlb edirlər. Ən təhlükəlisi isə Suriya və Livandan ermənilərin işğal altında olan torpaqlarımızda yerləşdirilməsidir. Həmin əhalini Dağlıq Qarabağ və ətraf rayonlarda qanunsuz şəkildə məskunlaşdırırlar. Əgər belə davam etsə, ermənilər bu cür vaxtı uzada-uzada elə şərait yaradacaqlar ki, axırda ora dəvət edilən xarici jurnalistlər də deyəcəklər ki, burada azərbaycanlılar yaşamayıblar, elə yaşayanlar ancaq ermənilərdir və sair".
E.Məmmədov deyib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində vaxt udmaq məsələsi Azərbaycanın xeyrinə işləsə də, ancaq 2000-ci illərdən sonra bu stiuasiya ermənilərin xeyrinə dəyişib
"Çünki həmin dövrdə Azərbaycan yeni müstəqillik qazanmışdı, ordusu zəif idi, ölkə daxilində çoxsaylı xoşagəlməz problemlər var idi. Artıq 2000-ci illərdən başlayaraq güclü və sabit Azərbaycan dövləti var. Ona görə də bu gün vaxt bizim yox, ermənilərin xeyrinə işləyir. Ermənilər çalışırlar ki, status-kvo uzun müddət qorunub saxlanılsın, nəsil dəyişsin və sairə. İndi ermənilər hər görüşdə bir variant ortaya ataraq, vaxt qazanmağa çalışırlar. Beləcə torpaqlarımız hələ də işğal altında qalır, Qarabağda ermənilərin məskunlaşdırılması və möhkəmləndirilməsi siyasəti davam etdirilir. Bununla ermənilər elə düşünürlər ki, elə bu torpaqlar onlara məxsusdur və ömrü boyu da belə qalacaq".
Deputat qeyd edib ki, Qarabağla bağlı danışıqların effekt verməsi və nəticəli olması üçün ilk növbədə Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərindən çıxmalıdır:
"İlk növbədə ərazi bütövlüyümüz təmin olunmalıdır, Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisinin sərhədləri bərpa edilməlidir. Yalnız bundan sonra jurnalistlər, ziyalılar gedib-gəlməlidir. Yəni, ilkin mərhələdə işğal faktına son qoyulmalıdır. Yoxsa torpaqlar işğalda ola-ola bir dəstə Azərbaycan jurnalistinin yığışıb ora getməsi mənasızdır. O jurnalistlər gedib orada görsünlər ki, ermənilər işğal etdikləri bizim torpaqlarda necə kef çəkirlər? Nə tikib, qururlar? Şəxsən mən bunu həzm edə bilmirəm. Mənim qəbul etdiyim və başa düşdüyüm odur ki, keçirilən görüşlərdə biz ilk növbədə torpaqların işğaldan azad olunması məsələsini qaldırmalıyıq, bunu ortaya qoymalıyıq. Buna nail olandan sonra təbii ki, jurnalistlər və ictimaiyyət nümayəndələri nə qədər istəsə, gedib-gələ bilərlər. Ancaq nə qədər işğal faktı mövcuddursa, o zaman bu cür get-gəllər bizim xeyrimizə işləməyəcək. Şəxsən mən indiki halda ora səfər etmərəm. Mən məğlub tərəf kimi, ölkəmə qarşı soyqırımlar törətmiş, torapqlarımı işğal etmiş, evimi dağıtmış, əzizlərimi öldürmüş, bu gün müvəqqəti də olsa qalib tərəf kimi görünən düşmənin ayağına getmərəm. Mən o zaman ora gedərəm ki, biz torpaqlarımızı Azərbaycan əsgərinin gücü ilə işğaldan azad edəcəyik, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və biz qalib qismində öz doğma yurd-yuvamıza gedəcəyik. Yoxsa mən məğlub tərəf kimi durub gedim erməniyə "xoş gəlmişəm" deyim? Bunu qətiyyən etmərəm".
Zaur Hacılı Demokrat.az


