Avropa Birliyi “Dağlıq Qarabağ” söz birləşməsindən rəsmi olaraq tam imtina edib. Bu fikirləri Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan bildirib. Onun sözlərinə görə, bu bəyanat Avropa Komissiyasının baş katibi tərəfindən imzalanmış və bu il iyulun 18-də dərc edilmiş rəsmi sənədə əsaslanır.
Məsələni Demokrat.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Avropa Birliyi Azərbaycanla Ermənistan arasında vasitəçidir. Politoloqun sözlərinə görə, Şarl Mişel də dəfələrlə Azərbaycanla Ermənistan liderləri arasında keçirilən görüşdə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməyib:
“Ümumiyyətlə, Avropa İttifaqı da artıq “Dağlıq Qarabağ münaqişəsi”nin bitdiyini bilir və bu məsələni artıq bağlayıb. Çünki Avropa İttifaqı “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlədərsə, əlbəttə ki, onun vasitəçilik missiyası baş tutmaz, vasitəçi ola bilməz. Bu, Azərbaycanın diplomatik qələbəsidir. Çünki biz hərbi qələbəni əldə etdik, hərbi qələbəni də siyasi müstəviyə keçirdik. Artıq burada Azərbaycan-Ermənistan arasında normallaşma prosesidir. Avropa İttifaqı da bu məsələdə vasitəçidir. Ona görə də, “Dağlıq Qarabağ” ifadəsi işlətmir”.
Politoloq əlavə edib ki, bu, Azərbaycanın Ermənistan üzərində siyasi qələbəsidir:
“Artıq Ermənistanın bundan sonra Minsk qrupu və digər status məsələsində hər hansı bir qeyd etdikləri, irəli sürdükləri təkliflər nəzərə alınmayacaq. Avropa İttifaqı üçün artıq bu məsələ bitib və əsas məsələ Azərbaycan Ermənistan arasında normallaşma prosesinə töhfə verməkdir. Bunu da Avropa İttifaqı həyata keçirir. Ona görə də, Brüssel bu məsələdə manipulyasiya edə bilməz. Konkret qərarlarla çıxış edir və həmin əqrarlarda da “Dağlıq Qarabağ” ifadəsini işlətmir”.
Aynurə Pənahqızı Demokrat.az


