"Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik".
Bunu Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.
Siyasi şərhçi Azər Həsrət Demokrat.az-a açıqlamasında bildirib ki, qazilər, şəhid ailələri, ümumiyyətlə, bu kateqoriyaya yaxın olan insanların hər birinə xüsusi diqqət, qayğı göstərilməlidir.
“Biz nəzərə almalıyıq ki, bu kateqoriyadan olan insanların psixologiyasında bizim kimi insanların alışmadığı fərqli durumlar ola bilir. Bu da təbiidir, anlaşılandır. Çünki həmin insanlar qanın qadanın içindən çıxıblar, bəzən əzizlərini itiriblər, bəzən ağır yaralanıblar, çox ciddi məhrumiyyətlərə məruz qalıblar. Əlbəttə ki, bir insan psixologiyasının dözə bilməyəcəyi durumlarla üzləşiblər. Belə olan şəraitdə ətrafdakıların onlara xüsusi diqqətlə, qayğıla yanaşması vacibdir.

Özəlliklə də məmurların, dövlət adamlarının bu kateqoriyaya xüsusi diqqət göstərməsi çox vacibdir. Cənab Prezident bunu təsadüfən demir. Məsələ ondadır ki, Azərbaycan 44 günlük Vətən savaşındakı zəfərdən sonra əlbəttə ki, qazilər və şəhid ailələri ilə bağlı böyük geniş dövlət proqramları həyata keçirir. Amma, bəzən çox təəssüflə qeyd edək ki, yerində olmayan məmurlar, hansısa şəxslər bu məsələlərdə baş soyuqluğa yol verir, məsuliyyətsizlik edir, diqqətsizlik edir, qayğını əsirgəyir. Təbiidir ki, bu da nəticə etbarilə gətirib ona çıxarır ki, artıq bizim qazilərimiz hətta intihar yoluna belə əl atırlar. Halbuki, onları intihardan çəkindirmək çətin məsələ deyil, sadəcə dinləmək lazımdır, sadəcə qayğılarını özümüzə yaxın tutmaq lazım idi. Amma məmurlar və ətrafdakılar bunu etmədilər”.
“Əslinə qalanda intihar çıxış yolu deyil, sadəcə olaraq, o anda ki, psixoloji durum fərqli olduğuna görə, bu baş verir. O baxımdan Cənab Prezident diqqət və qayğının daim yüksək səviyyədə tutulmasının zəruri olduğunu deyir. Bəzən adi sözlə belə biz o qazilərimizi, qardaşlarımızı ən pis əməldən, həyatlarına, canlarına qıymaqdan çəkindirə bilərik. Təəssüf ki, bunu hamı etmir. Cənab Prezident də ona görə bu məsələni dəfələrlə vurğulamaq məcburiyyətində qalır”- deyə, siyasi-şərhçi fikirlərini yekunlaşdırıb.
Aynurə Pənahqızı Demokrat.az


