Gündəm Özəl

Deputat: “Müharibədə yaşananlar insana psixoloji travma yaşadır”

Deputat: “Müharibədə yaşananlar insana psixoloji travma yaşadır”

“44 günlük Vətən müharibəsində Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qanı, canı bahasına torpaqlarımızı işğaldan azad etdi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Naqif Həmzəyev deyib. Deputat vurğulayıb ki, Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir:

“Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Lakin müharibə iştirakçılarının, şəhid ailələrinin, qazilərin həm sağlamlıqlarının bərpa edilməsi, həm onların sosial təminatının ən yüksək səviyyədə təşkil edilməsi, həm də onların ehtiyaclarının qarşılanması bir gündə mümkün deyil. Ancaq mərhələli şəkildə dövlət tərəfindən həyata keçirilən xüsusi proqramlar vasitəsilə bu işlər görülür. Onların müalicəsi tək Azərbaycanda deyil, Türkiyədə də həyata keçirlir. Bir sözlə, mərhələli şəkildə bu işlər görülür. Düşünürəm ki, bir müddətdə bu işləri davam etdirməli olacağıq”.

“Unutmamalıyıq ki, bizim müharibə iştirakçıları canlı şəhidlərimizdir. Onlar şəhid olmağın astanasında sağ qalıblar, onlar da şəhid olmaq üçün vuruşublar. Ancaq onların qismətinə qazi olmaq yazılıb. Biz onlardan 44 günlük Vətən müharibəsinin bütün detallarını canlı olaraq öyrənirik. Hər Azərbaycan gənci üçün məhz qazilərimiz canlı tarixlərimizdir. Ancaq təəssüflər olsun ki, müharibənin ən ağrılı, acılı tərəfi də ondan ibarətdir ki, istər-istəməz orada yaşanan döyüş səhnələri, orada yaşanan hadisələr, güllə səsləri özü bir insana psixoloji travma yaşadır. Qısa müddətdə bu psixoloji travmanın aradan qaldırılması heç də asan deyil. Düzdür, hansısa bir əzasını itirmiş qazimizin ən yüksək səviyyəli protezlə təminatı mümkündür. Ancaq psixoloji problemin qısa müddətdə aradan qaldırılması çətindir. Bu baxımdan da biz qazilərimizə qarşı, şəhid ailələrinin üzvlərinə qarşı həmişə həssas olmalıyıq. Anlamalıyıq ki, onlar çox gərgin anlar yaşayıblar. Bu günləri də çoxu tez-tez həmin anları xatırlayırlar, çətin ki, onu unudarlar. Düşünürəm ki, xüsusi reabilitasiya mərkəzlərində mütəmadi olaraq bizim bu kateqoriyada olan insanlarımız müalicədən keçməlidirlər”, - deyə millət vəkili fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az