“Dünən Tehranda keçirilən Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü regional və beynəlxalq səviyyədə önəmli bir hadisədir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. Politoloq vurğulayb ki, görüş zamanı bu üç ölkənin uzunmüddət davam edən Suriya məsələsi ilə bağlı müzakirələr aparıldı:
“Hətta, bununla bağlı üçlü format yaradılıb, buna Astana üçlüyü də deyilir. Bu üç dövlətin müzakirə etdiyi əsas məsələlər Suriyadakı durum və Suriyanın ərazi bütövlüyü ilə bağlı məsələlərin həlli, o cümlədən Suriyanın siyasi quruluşu və yeni konstitusiyasının hazırlanması ilə bağlı məsələlər müzakirə edilir. Dünənki görüş də bu baxımdan əhəmiyyətli görüş idi. Əlbəttə ki, bu üç böyük ölkə Azərbaycanla da həmsərhəddilər və bizim qonşuluğumuz olan dövlətlərdir. Qeyd edim ki, Azərbaycan müstəqillik dövründə 30 ildə hər üç ölkə ilə normal münasibətlər qurub və onu inkişaf etdirməyə çalışır. Əlbəttə ki, Türkiyə bu ölkələr içində istisna təşkil edir. Çünki Türkiyə bizimlə dost, qardaş, müttəfiq bir ölkədir. Bizim Türkiyə ilə münasibətlərimiz daha yüksək səviyyədə inkişaf etməkdədir. Şuşa Bəyannaməsinin imzalanması ilə aramızda ciddi əməkdaşlıq imkanları bundan sonra da artacaq”.
Politoloqun sözlərinə görə, bu üç ölkə arasında münasibətlərin normal olması, əlbəttə ki, Azərbaycana da müsbət mənada öz təsirini göstərir:
“Digər tərəfdən nəzərə alsaq ki, 44 günlük savaşdan sonra keçirilən Zəfər paradında Türkiyə prezidenti tərəfindən “3+3” formatı təklif olunmuşdur. Bu, Güney Qafqazda Türkiyə, Rusiya, İran, Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət əməkdaşlıq təklif edilirdi. Dünən bu bölgənin üç iri ölkəsi görüş keçirdi. Dünənki görüşdən də ilkin qənaət bundan ibarətdir ki, tərəflər bir çox məsələlərdə öz mövqelərini yaxınlaşdırıblar. Bunun da əlbəttə ki, Azərbaycana müsbət təsiri var. Əgər onlar arasında əməkdaşlıq və anlaşma şəraiti mövcud olarsa və davam edərsə, bunun Azərbaycan üçün də əlbəttə ki, müsbət təsirləri ola bilər”.
O.Qasımov dünənki görüşdə Qarabağ məsələsinin də müzakirə olunduğuna diqqət çəkib:
“Qeyd edim ki, Türkiyə prezidentin Rusiya prezidenti ilə görüşündə, eyni zamanda Türkiyə prezidentinin İran ali dini lideri ilə görüşündə də bu məsələyə toxunuldu. Əlbəttə ki, Qarabağ məsələsi də olduqca həssas məsələdir. Xüsusilə, Türkiyə və Rusiya arasında bu məsələ daha intensiv şəkildə müzakirə edilir. Bildiyimiz kimİ, 10 noyabr anlaşmasının şərtlərinə görə Qarabağ ərazisində Türkiyə və Rusiya hərbiçilərindən ibarət birgə müşahidə və monitorinq mərkəzi fəaliyyət göstərir. Bu baxımdan bu ölkələr arasında əməkdaşlıq mühitinin möhkəmlənməsi bölgəyə, o cümlədən Azərbaycana öz təsirini göstərir”.
Aynurə Pənahqızı Demokrat.az


