Yayda insanlar istirahət etmək üçün daha çox yaşıllıqlara, təbiətə üz tuturlar. Lakin bəzi hallarda vətəndaş məsuliyyətsizliyi meşə yanğınlarına səbəb olur. Məsələn insanlar samovar qalayıb içdikdən sonra közünün yerə tökürlər. Təbii ki, bu cür hallar yol verilməzdir. Çünki meşə yanğınlarına səbəb əksər vaxtlarda məhz məqamlardır. Baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranma nəticəsində yaranır. Təsərrüfat bitkilərinin tədarükü əsasən iyun-iyul aylarına təsadüf edir. Məhsul yığıldıqdan sonra fermerlər yerdə qalan ot qalıqlarına od vuraraq məhv edirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafi Xidmətinin rəisi Xalıqverdi Hüseynov Demokrat.az saytına bildirib ki, bir neçə gün əvvəl Şabran rayonundakı meşə yanğınına səbəb də bu idi. 
Qanunvericiliyə əsasən həmin şəxslərə qarşı müəyyən cəzalar tətbiq edilir. Lakin cərimənin məbləğ elə də çox deyil. Bəlkə də buna görə insanların meşələri qorumağa etinasız yanaşır:
“Fiziki şəxslər yəni, adi bir kəndin ərazisində olan hər hansısa bir şəxs öz taxıl sahəsinə biçindən sonra od vurubsa, ona xəbərdarlıq və yaxud da 20-30 manat məbləğində cərimə edilə bilər. Vəzifəli şəxs 150 manat məbləğində, hüquqi şəxslər isə 500 manata qədər cərimələnə bilər. Amma gəlin görək onun vurduğu zərər nə qədərdir? Yəni ümumi hesablamalarımıza görə, əgər bizim 1 hektar ərazidə meşə fondu yanğın nəticəsində məhv olursa, orada söhbət dəymiş ziyanın məbləği 10 minlərdən gedir.”
Meşələr oksigen – yəni həyat mənbəyidir. Onları göz bəbəyimiz kimi qorumalıyıq ki, gələcək nəsillərə təmiz hava bəxş edək.
Gülçin Qorxmaz Demokrat.az


