“Ermənistanın baş naziri Nikol Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibəsində demişdi ki, biz dünya nizamının dağıldığını görürük və bu gün heç kim yeni dünya nizamının necə olacağını bilmir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Politoloq vurğulayıb ki, məhz bu reallıqdan çıxış edərək Ermənistan baş verən mövcud hadisələr fonunda hərtərəfli əlini genişləndirmək siyasəti yürüdür:
“Belə ki, rəsmi İrəvan polisin, Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin islahatları daxil olmaqla üç istiqamətdə genişmiqyaslı islahatlar aparır ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrəvanın ABŞ-ın Federal Tədqiqatlar Bürosu strukturunda ayrıca Xarici Kəşfiyyat Agentliyi yaratmağı planlaşdırmasını bəyan etməsi, ardınca iyulun 15-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Uilyam Börnsün Ermənistana ilk səfəri, səfərin də məhz Rusiya kəşfiyyat xidməti tərəfindən deşifrə olunması Rusiya və Ermənistan arasında əsən soyuq küləklərin şiddətləndiyindən xəbər verir. Qriqoryan onu da qeyd edib ki, hökumət təhlükəsizlik sektorunun demokratikləşdirilməsi prosesinə 2018-ci ildən başlayıb, seçilmiş yol - polis islahatlarının digər sahələrlə uzlaşdırılması və səmərəliliyin artırılması Ermənistanda demokratikləşmə prosesinə çox müsbət təsir göstərəcək ki polis islahatlarına daha geniş yəni, demokratik konsepsiyaya əsaslandığı kontekstindən baxmaq lazımdır və bu istiqamətdə irəliləməkdə davam edəcəyik”.
“Deməli, Ermənistan üzünü ABŞ-a daha çox çevirib, ABŞ yolu gedir. Qriqoryanın fikirlərində 2018-ci il, demokratikləşdirmə-tərəfdaşlarla məsləhətləşmələrə başlamağın yeni struktur formalaşdırmaqdan ibarət olması kimi açar sözlər mövcuddur. Nəzərə yetirək ki, Ermənistandakı “məxməri inqilab” da 2018-ci ildə baş tutdu, məhz bundan sonra anti-Rusiya siyasəti gücləndi. Düzdür, sonra Rusiyanın təzyiqi və Qarabağ savaşı zamanı ABŞ-ın regiona kənar mövqedə dayanması Paşinyanı vadar etdi ki, Rusiyanın dominantlığını qəbul etsin, amma sonra da Ermənistan ikili oynamaqda davam etdi və edir. Onu da qeyd edim ki, hökumətin 2021-2026-cı illər üçün proqramını təqdim edərkən hakimiyyətin 5 il ərzində Xarici Kəşfiyyat Xidmətini formalaşdıracağını ötən ilin avqustunda da Ermənistanın baş naziri Nikol Paşinyan da bildirmişdi”.
Ş.Həsənova əlavə edib ki, o da məlumdur ki, ABŞ-ın həm də Ermənistanda bioloji laboratoriyası fəaliyyət göstərir:
“Məsələ ilə bağlı Rusiyanın kəskin narazılığı da olmuşdu və bundan sonra Rusiya Ermənistanda səyyar hərbi-bioloji laboratoriyasını yaratmışdı ki, bu da Paşinyanın ABŞ-la Rusiya arasında balans yaratmaq, Rusiyaya da bu məsələdə yer verərək Paşinyanın daxili məsələlərdə özü üçün müəyyən dividentlər qazanma siyasətindən xəbər verirdi. Bu cür laboratoriyalarda texniki müşahidə vasitələri mövcud olmaqla həm də onlar baza funksiyasını icra edir ki, sonrakı mərhələdə bu bazadan xidməti məqsədlərlə istifadə olunur.
Rusiya və ABŞ-ın bu istiqamətlərdə yarışı və real addımları birmənalı olaraq Ermənistan üzərindən regiona nəzarət funksiyası daşıyır. Belə ki, Rusiyanın Ermənistandakı səfirliyindəki əməkdaşlarının sayı da əhəmiyyətli dərəcədə yəni, 1.7 dəfə atırılmışdı. Ən maraqlı, strateji məqam odur ki, bu əməkdaşlar Rusiyanın Xarici Kəşfiyyat İdarəsinin əməkdaşlarıdır. Rusiyanın bu addımı məhz ABŞ-a qarşı atılmış addımdır, çünki məlumdur ki, Ermənistanın əhalisi 2 milyon olsa da dünyada ən çox əməkdaşa sahib ABŞ səfirliyi də məhz Ermənistandadır”.
“İllər ərzində ABŞ maliyyə yardımları vasitəsilə Ermənistan üzərindən bölgədə Rusiyanın dominantlığını azaltmaq istiqamətində addımlar atıb. Postsovet məkanında heç bir ölkə Vaşinqtondan Ermənistan qədər çox dəstək almayıb. Ermənistanın sərhədlərini Rusiya sərhədçilərinin qoruyub sərt gücün hələ də Rusiyanın əlində olduğunu da vurğulamalıyıq. İndi isə görürük ki, əgər əvvəllər ABŞ Ermənistanda öz siyasətini demokratik insitutların, infrastrukturun, səhiyyənin və sosial xidmətlərin tərəqqisinə, insan hüquqlarına hörmətin və hüququn üstünlüyünün, bir sözlə siyasi, iqtisadi, maliyyə, humanitar sahələrindəki əməkdaşlığı hərbi və müdafiə sənayesi çərçivəsində də həyata keçirməyin təmin edilməsinə yönəldərək müxtəlif ad altında və müxtəlif səpgili müqavilələrlə bunu rəsmiləşdirib yumşaq güc siyasətini həyata keçiridisə, görünür, ABŞ da siyasətini sərt formaya, gücə keçirir. Bununla da ABŞ çalışır ki, Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırsın, özünə isə daha da yaxınlaşdırsın”.
“İndiki məqamda isə ABŞ hər zamankından daha çox Xarici Kəşfiyyat agentliyinin yaradılmasına öz maraqlarını təmin etmək prizmasından deyil, qlobal təhlükəsizliyi qorumaq prizmasından yanaşmalıdır. Diplomatik masada isə ATƏT-in Minsk Qrupuna münasibətdə Rusiyanın açıq mətnlə çıxış etməsi fonunda Fransa və ABŞ-ın bu ölü qurumu yenidən dövriyyəyə cəlb etməsi də Ermənistanı Rusiyadan uzaqlaşdırır. Uilyam Börnsün Ermənistana ilk səfərinin Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun Şuşa səfərindən sonra baş tutması da təsadüf ola bilməz”, deyə sonda politoloq fikirlərini yekunlaşdırıb.
Aynurə Pənahqızı Demokrat.az


