Bu gün Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.
40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar, şairlər və qazilər iştirak edir. Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aparıcı gənc aktyoru, Prezident təqaüdçüsü Nicat Əli də tədbir iştirakçıları arasındadır. Demokrat.az saytı aktyorla əlaqə saxlayıb, təəssüratlarını öyrənib.
“Mən şadam ki, yenə bu Müqəddəs torpağa, Gözəl Şuşamıza gəldim. İlk dəfə Heydər Əliyev Fondunun keçirdiyi I Kulinariya festivalında, 2-ci dəfə isə Vaqif Poeziya Günləri çərçivisində mədəniyyət paytaxtımızda, Cıdır düzündə düzənlənən şeir sənət bayramında iştirak etmək mənə qismət oldu.
Tədbirin quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov çox maraqlı və fərqli bir şəkildə dühalarımızı Vaqif poeziya gecəsinə topladı. Tədbirin quruluşunda ədəbiyyatımızın əzəm şairləri olan Vaqifin, Vidadinin, Füzulinin, Nizaminin, Nəsiminin , Natavanın, Zakirin, Məhsətinin, Xaqaninin, Xətainin, Nəvvabın qəzəlləri və o qəzəllərə bəstələnən musiqilər Şuşada səslənəcək. Bir-birindən gözəl rəqsləri isə əməkdar artist Nailə Məmmədzadənin quruluşunda "Mirvari" rəqs qrupu ifa edəcək.
Bir gənc olaraq, mən fəxr edirəm ki, Vaqif Poeziya günlərində böyük ədibimiz İmadəddin Nəsimi obrazında onun dili, nəfəsi ilə Cıdır düzündə tamaşaçılarımızı salamlayacam. Obraz üzərində çalışarkən, mən bir daha Nəsimi yaradıcılığının, Nəsimi dühasının nə qədər dərin və sonsuz olduğunu gördüm və onun aşiqi oldum.”
Gülçin Qorxmaz Demokrat.az


