Evlilik cütlüklərin həyatlarını birləşdirmək üçün verdiyi ən önəmli qərardır. Lakin iş onu rəsmiləşdirməyə gəldikdə tərəflərdən biri tərəddüd edir. Səbəb isə evlilikdən qorxu, bu məsuliyyətə özünü hazır etməmə hissidir. Bu hal elmdə qamofobiya adlanır, mənası isə evlilik qorxusu deməkdir.
Bu qorxunun müxtəlif səbəbləri var. Çox zaman insanın cəmiyyətdə gördüyü uğursuz evliliklər onu bu fikrə salır. Müşahidələr göstərir ki, qadınlarla müqayisədə kişilərdə bu problemə daha çox rast gəlinir.
Psixoloq İradə Məmmədli Demokrat.az-a müsahibəsində bu qorxunun kökünün uşaqlıqdan gəldiyini bildirdi:

“Onun kökü uşaqlıqdan gəlir. Biz ümumiyyətlə ailə modelini harda görürük? Uşaq harda görür ailə modelini? Ana-atanın yaşadığı modeldən görür. Yəni ana-ata nə yaşayır uşağın gözünün qabağında? Onu da körpələr bir kompüter kimi proqram kimi yazırlar özlərinə. Oğlan uşağı ailədə görür ki, ata anaya necə müraciət edir,necə davranır və ordan özü üçün model yaradır ki, gələcəkdə mən də arvadıma elə davranacam. Qız uşağı da ananın ataya münasibətini görərək ordan özünə model yaradır ki, kişilərlə belə davranmaq lazımdır.”
Xoşbəxt ailədə böyüyən insanlarda da bu problemə rast gəlmək mümkündür. Onlar valideynlərindən gördükləri münasibəti qarşı tərəfdən tələb edirlər. Kiçik münaqişləri belə şişirdərək qlobal problemə çevirirlər. Bəzən isə sevgi ilə bağlılığı ayırd edə bilmədikləri üçün bu addımı atmağa qorxurlar: “Bir-birinizin həyatınıza o qədər bağlı olursunuz ki onsuz həyatını heç cür yaşaya bilmirsən kimi təsəvvür edirsən. Bu artıq sevgi deyil, bağlılıq deməkdir. Psixoloq sizin probleminizi də həll etmir, psixoloq yalnız yol göstərəcək suallarla sizə kömək edəcək ki, problemi özünüz həll edə biləsiniz.”
Uğurlu evliliyin sirri sevgi, hörmət və anlayışdır. Xoşbəxtlik elə bir məhfumdur ki, onu tapmaq çətin, itirmək isə çox asandır. Odur ki, evliliyə qədəm qoymamışdan bu barədə ətraflı düşünmək lazımdır.
Gülçin Qorxmaz Demokrat.az


