Dünya bazarında yanacağı qiyməti artan şkala üzrə dəyişir: koronavirus pandemiyası, ardınca beynəlxalq siyasi böhran yaradan Ukrayna müharibəsi və geosiyasi qarşıdurma qiymətlərin arzuolunmaz sürətlə artmasını şərtləndirən amillərdir. Başqa ölkələrlə müqayisədə Azərbaycanın üstünlüyü ondan ibrətdir ki, biz neftimizin hesabına dizel və Aİ-92 markalı benzini özümüz istehsal edirik. Bəs yarana biləcək benzin qıtlığını aradan qaldırmaq üçün Aİ-92 markalı benzinin idxalına qərar verilməsi onun qiymətinin artmasına gətirib çıxaracaqmı?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Elçin Süleymanov Demokrat.az-a açıqlama verib:

“Dünya bazarında neft qiymətlərinin artımı, eyni zamanda qlobal inflyasiyanın yüksəlməsi fonunda istehsal xərclərinin artmasına baxmayaraq Azərbaycanda Aİ-92 markalı benzin və dizelin pərakəndə satış qiyməti əhalinin sosial müdafisəinin gücləndirilməsi məqsədilə 2021-ci ilin yanvar ayından eyni səviyyədə saxlanılır. Belə ki, dünya bazarında “Brent” markalı neftin orta aylıq qiyməti 2021-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayına qədər təxminən 125 %, ötən 1 ildə isə 70 % artıb. Bu büdcəyə və Dövlət Neft Fonduna daxilolmaları artırır. Bu gəlirlərdən istifadə edərək düşünürəm ki, müəyyən kompensasiya edərək müəyyən qədər Aİ-92 markalı əhalinin əksəriyyətinin istifadə etdiyi benzin qiymətini stabil saxlamaq olar”.
Aynurə Pənahqızı Demokrat.az


