“Qarabağ”ın oyununda erməni“oyun”u
Erməni təxribatının, çirkin oyununlarının dəfələrlə şahidi olmuşuq. Mənfur qonşularımız siyasi müstəvidə bunu artıq alışqan halına gətirib. Onların bu “oyun”larına beynəlxalq təşkilatlar, dünya birliyi daim susub, 30 ilədək müddətdə nəinki qanunsuzluqları, erməni vəhşiliyini, vandalizmini görməzdən gəlib, hətta onlara dəstəklərini nümayiş etdiriblər. Necə deyərlər, “ələkçinin qılverəni” rolunu məharətlə oynayıblar. Biz öncədən bu oyunları adətən siyasiyüklü məsələlərdə görürdük.
Təəssüf ki, son illərdə bu “oyun” futbol oyununa sirayət edib. Xüsusilə, son illərin dəyişilməz çempionu “Qarabağ”ın oynadığı futbolla, qazandığı nəticələrlə Avropada adından söz etdirməsi ermənilərdə qıcıq yaratmaqdadır. “Qarabağ” arenalarda əldə etdiyi uğurlarla ermənilərin və onlara dəstək verənlərin arzularını həmişə oyundankənar vəziyyətə salıb. Bununla belə, öz təxribatçı əməlləri ilə gündəm yaratmaq istəyən və öz niyyətlərini bu cür qusan ermənilər "Qafqazın fırtınası" “Qarabağ”ın matçlarında çirkin oyunlarından geri çəkilməyiblər.
“Qarabağ” - təxribatları ofsayda salan klub
2016-cı ildə Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ” İsveçdə “Höteborq”un qonağı olarkən, oyundan öncə yerli azarkeşlər erməni təxribatına yol verdilər. Belə ki, tribunadan asılan Ermənistan bayrağı “Qarabağ” azarkeşlərinin cəhdindən sonra tribunadan götürüldü. Ancaq bu çirkin əməl yenidən təkrarlandı.
2019-cu ildə Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində “Düdelanj” – “Qarabağ” matçında təmsilçimiz hesabı 0:2-yə çatdırdıqdan sonra meydana dron aparatı ilə qondarma rejimin əski parçası buraxıldı və baş hakim matçı yarımçıq dayandırmağa məcbur olub. “Qarabağ” rəqibinə darmadağınla cavab verdi və çirkin işləri ilə tribunaya yığışanları sonradan möhtəşəm qələbəsi ilə susdurdu.
Sonuncu dəfə ermənilərin xislətini göstərən bu çirkin əməllər bu ilin fevralında Fransanın Marsel şəhərində yaşandı. Konfrans Liqasında qrup mərhələsindən pley-off mərhələsinə yüksələn “Qarabağ” tarixi uğurla hamımızı sevindirdi. Yenidən Azərbaycanın uğurlarını həzm edə bilməyən ermənilər, Ağdam klubunun Fransada “Marsel”lə qarşılaşması zamanı tribunada təxribat xarakterli bannerin və Qarabağdakı separatçıların əski parçasının açılmasını təşkil etdilər. Halbuki, “Qarabağ” Marseldə ermənilərin çoxluq təşkil etdiyini və bu barədə qitənin ali qurumu olan UEFA-nı və və “Marsel” klubunu oyundan öncə məlumatlandırmışdı. Ancaq təəssüf ki, ermənilər yenə çirkin oyunlarına, təxribat əməllərinə əl atdılar.
Yenə erməni, yenə çirkin oyun, yenə təxribat...
İndi isə erməni lobbisi, diaspor təşkilatları növbəti çirkin oyunun alətinə çevriliblər. “Qarabağ”ın Çempionlar Liqasının ilk turunda üstün olduğu səfər matçında Polşanın “Lex” klubuna minimal hesabla (0:1) uduzmasının ardından mənfur qonşularımız hərəkətə keçib. Öz xislətləri ilə hansı yuvanın quşu olduqlarını nümayiş etdirən məxluqlar sabah Bakıda revanş oyununa çıxacaq “Qarabağ”ın uduzması naminə Polşa klubuna hər cür dəstəkdə maraqlı görünürlər. İnanırıq ki, köhnə peşənin yolçusu olan ermənilərin niyyətlərini daim gözündə qoyan “Qarabağ” öz uğurlu oyunu ilə hamımızı sevindirəcək. Komandamıza dəstək olmaq üçün tribunada səsimiz tutulana qədər “Qarabağ” qışqırtıları ilə stadionu həyəcana gətirməli, klubumuzun yanında olmalıyıq. Çünki “Qarabağ” hər bir azərbaycanlı üçün bir klubdan daha artıqdır...
Zaur Zahidoğlu Demokrat.az


