Qazilərimizi təhqir edir və bu təhqirə görə şikayət olunanda da “siyasi sifarişdir” deyir.
“Bakı Birlik Təşkilatı”nın sədri və “Kaspian İnformasiya Mərkəzi”nin redaktoru Abid Qafarovla bağlı məsələ cəmiyyətdə qəribə situasiya yaratdı.
Abid Qafarov əvvəlcə qazilərimizi və şəhid ailələrini küçələrə çıxmağa, hakimiyyətə etiraz etməyə səsləyib. Onun fəaliyyəti və bağlı olduğu dairələr bu çağırışın məqsədini anlamağa imkan verir, xüsusilə son dövrlər ölkə daxilində bəlli qrupların qazi və şəhid ailələri üzərindən siyasi maraqların həyata keçirmək cəhdləri fonunda...
Qazilər və şəhid ailələri Abid Qafarovun bu cür təxribat çağırışına dəstək vermədi. Nəticədən razı qalmayan Abid Qafarov qaziləri “müti” adlandırdı, təhqir etdi. Bir qrup qazi isə Abid Qafarovdan Cinayət Məcəlləsinin təhqir və böhtan maddəsi ilə xüsusi ittiham qaydasında Xəzər Rayon Məhkəməsinə şikayət ediblər. Bu, qazilərin öz haqlarını araması, Abid Qafarovun təhqirlərinə hüquqi müstəvidə cavab verməsidir.
Şikayət edən qazilərdən biri, 16 il MAXE kimi xidmət etmiş Ceyhun Ağayev bildirir ki, Abid Qafarov şər-böhtan xarakterli videoçarxı siləcəyini və üzr istəyəcəyini söz verdiyi üçün qazilər əvvəlcə şikayəti geri götürmək qərarına gəliblər. Amma Abid Qafarov üzr istəsə də, videonu silməyib:
“Ona görə də, biz şikayətimizi geri götürməkdən imtina edirik”.
Abid Qafarov və onu müdafiə edən şəbəkə isə təhqir ittihamlarını “yalan və sifariş” adlandırırlar.
Sual yaranır, Abid Qafarovun iddia etdiyi kimi, təhqir faktı olmayıbsa, o nə üçün qazilərdən üzr istəyib?
Təhqirlərə görə üzr istəyən Abid Qafarov bir tərəfdən təhqir faktının olmadığını, digər tərəfdən isə baş verənlərin “siyasi sifariş” olduğunu iddia edir. Qəribə situasiyadır və göründüyü kimi, Qafarov və dəstəyi yaxşı oynayırlar.
Məsələnin “siyasiləşdirilməsi” də diqqəti təhqir faktından yayındırmaq, hakimiyyətə qarşı çıxmağa çağırdığı qazilərin şikayətini geri götürməsinə nail olmaqdır. Abid Qafqarov hətta bu məqsədlə qazilərə qarşı təhqiri başqa formada davam etdirir.

Məhkəmə prosesində onun dediyi “mənim üzümə qaziləri durdurmayın, 5 manatlıq fahişələr var, gedib onları gətirin” sözləri heç bir əxlaqa sığmayan təhqirdir.
Abid Qafqarov bununla demək istəyir ki, məhkəməyə şikayət edən qazilər onun “üzünə dururlar”. Bu, Vətən uğrunda sağlamlıqlarını qurban verən qəhrəman insanların təhqir edilməsidir və bu təhqirlə məqsədi onu məhkəməyə verən qaziləri “sifarişin icraçıları” kimi göstərmək cəhdləridir. Həmin təhqir cümləsinin sonunda “5 manatlıq fahişələr var, gedib onları gətirin” ifadəsi isə əxlaqsızlığın təzahürüdür. Çünki Abid Qafarov bununla onu məhkəməyə verən qaziləri “fahişələrlə müqayisə” edir. Qaziləri müxtəlif sifarişləri yerinə yetirməkdə ittiham etməsi də bu təhqirin davamıdır.
Göründüyü kimi, Abid Qafarov bütün əxlaq hədlərini aşıb. Qazi və şəhid ailələrini kütləvi iğtişaşa səsləməklə cəmiyyətdə gərginlik yaratmağa cəhd edir. Bunun hüquqi müstəvidə məsuliyyəti var, eyni zamanda, bu, mənəvi baxımdan da yolverilməzdir.
O, bununla da kifayətlənmir, qazilərin şərəf və ləyaqətinə qarşı qəbuledilməz təhqirlərini davam etdirir, bununla onların Vətən qarşısındakı xidmətlərini heçə saymış olur, cəmiyyətdə də qazilərin reputasiyasına qarşı anti-təbliğat aparır.
Amma nə qazilərimiz, nə də Vətən qarşısında sağlamlıqlarından keçən bu insanları baş tacı edən xalqımız Abid Qafarov kimilərin təhqir kampaniyasına əsla imkan verməyəcək. Əgər imkan verilərsə, bu, Vətən bizi bağışlamaz!
Zaur Hacılı Demokrat.az


