İranın ali dini rəhbəri Əli Xameneyinin ofisinin mətbuat orqanı sayılan “Keyhan” qəzeti Azərbaycan Respublikası ilə bağlı daha bir təxribat xarakterli məqalə dərc edib. Nəşrdə Ukrayna müharibəsi, Şərqi Avropa və dünyada baş verən sürətli proseslər fonunda Azərbaycan hökumətinin müsəlmanlara qarşı amansız davrandığı, şiələrə qarşı zorakılıq hallarını artırdığı iddia edilib.
Məsələyə münasibət bildirən politoloq Sultan Zahidov Demokrat.az-a açıqlamasında bildirib ki, İran daima Azərbaycanın qüvvətlənməsinə, inkişaf etməsinə qısqanclıqla yanaşan bir dövlət olub. Politoloq qeyd edib ki, Azərbaycann qüvvətlənməsi İranın maraqlarına ziddir:
“Çünki biz bilirik ki, İranda 30 milyon azərbaycanlı yaşayır. Bu gün, sabah onlar da Şimali Azərbaycanla birləşməsiyi tələb edə bilərlər. Eyni zamanda biz bilirik ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bütövlüyünü təmin etməsi də İranda qıcıq yaratdı. Çünki bu sözün əsl mənasında Azərbaycanın qüvvətlənməsi, Azərbaycanın yeni geosiyasi reallıq yaratması idi. İkinci Qarabağ müharibəsindən sonra İranın ziddiyyətli bəyanatları bunun bilavasitə sübutudur. Digər məsələ isə Azərbaycanın iqtisadi-siyasi inkişafı bu gün Azərbaycanın beynəlxalq layihələrin əsas qüvvələrindən birinə çevirib, istər nəqliyyat-kommunikasiya layihələri olsun, istər enerji layihələri. Sözsüz ki, Azərbaycanın bu layihələrdə vacib rol oynaması İranın marağında deyil. Eyni zamanda, son dövrlərdə türk dövlətləri arasında, xüsusən də Türkiyə-Azərbaycan arasında birliyin möhkəmlənməsi və Azərbaycanla Türkiyə arasında qarşılıqlı şəkildə ortaq mövqeyin ortalığa qoyulması və bərabər layihələrin həyata keçirilməsi İranın heç də xoşuna gəlmir. Çünki İran yaxınlığındakı türk dövlətlərinin möhkəmlənməsini və onların bir olmasını heç zaman istəməyib, bu gün də istəmir”.

Politoloqun sözlərinə görə, indiki halda İranı daha da qıcıqlandıran məqamlardan biri məhz Azərbaycanın siyasi və iqtisadi cəhətdən qüvvətlənməsindən əlavə, Azərbaycanın Türkiyə yaxınlığı məsələsi də İranı narahat edən bir məqamdır:
“Bilirik ki, Xəzərin satusu ilə bağlı Aşqabadda sammit oldu. Bu sammitdə İran tərəfi yenidən ziddiyyətli mövqe ortaya qoydu. Məlumdur ki, Xəzərin statusu məsələsində İran daima Azərbaycanın haqqı olan dəniz hissəsinə dök dikmiş və oradan pay sahibi almaq istəmişdir. Lakin sözsüz ki, Azərbaycan İrana güzəşt etmək niyyətində olmayıb. Sözsüz ki, bu da İranın yenidən qıcıqlanmasına səbəb olmuşdur. Ona görə də, İran bu proseslərə cavab olaraq müxtəlif rıçaqlardan istifadə edir. Bunlardan da biri Azərbaycanda bəzi şiə kəsimləridir. İran bir növ onlardan istifadə etməyə, onların köməyindən kiberli məqsədlərə nail olmağa çalışır. Amma sözsüz ki, bu məqsədlərinə nail ola bilməyəcək. Çünki Azərbaycan xalq və dövlət arasında sarsılmaz birlik var, bu birlik İkinci Qarabağ müharibəsində də özünü göstərmiş oldu. Çox təəssüf ki, İran Azərbaycana qarşı bu cür qarayaxma kampaniyası həyata keçirir. Guya Azərbaycanda müsəlmanlara qarşı təqiblər olunur. Halbuki, bunların hər biri cəfəngiyatdır. Biz bilirik ki, Azərbaycan multikultiralizmin, tolerantlığın diyarıdır. Burada dinindən, irqindən asılı olmayaraq heç kəsə qarşı ayrı-seçkilik olunmur”.
Aynurə Pənahqızı Demokrat.az


