Bütün məhəbbət dastanları qələmlə yazılmaz, kitablardan oxunmaz...
Elə sevgi dastanı var ki, qanla yazılar, daşlara, yaddaşlara həkk olunar. Tarixdən oxunar.. “İlham və Fərizə dastanı” kimi... Soyuq, qanlı yanvar gecəsi Fərizənin zülməti daha dərin idi. Yeddi aylıq ömür yoldaşı, ömürlük məhəbbəti o gecə yaşadıqları sevgini qanına boyayıb, özü ilə şəhidlik zirvəsinə ucaltmışdı. Fərizə isə.. sevgisinin ardınca sonsuzluğa yol aldı elə həmin gecə... Və o gün – 20 Yanvar, “İlham və Fərizə” sevgisinin tarixə qovuşduğu gün oldu..
Bu sevgi tarixinin yazıldığı, İlham və Fərizə sevdasının vüsala qovuşduğu gün- 30 iyun ölkəmizdə sevginin, sədaqətin günüdür. Bu gün sevgisini həyatından daha öndə tutan, sevgisi ilə ölməyi bacaranların Milli Sevgililər günüdür.. İlhamın qardaşı Elxan Allahverdiyev Demokrat.az-a müsahibəsində İlhamla Fərizə məhəbbətinin saflığından, sədaqətindən söz açdı.. Kövrələrək, qürurlanaraq:

“İlham bizim ailədə 3-cü uşaqdı. Biz 3 bacı, 2 qardaş idik. İlham 27 yaşında evləndi, 28 yaşında şəhid oldu. Biz ona hər qızı bəyəndirə bilmirdik. Evlənmək vaxtı çatmışdı, amma o, evlənmək barədə bir söz demirdi. Günlərin bir günündə evimizdə bir məclis var idi, bacılarım, anam söz açdı, dedilər “evlənmək vaxtındı, nə düşünürsən?”. Nə qədər qız dedilər, hərəsinə bir bəhanə gətirdi, dedi “yox”. Sonra anam dedi “ay bala, bəlkə ağlında kimsə var?”. O da dedi ki, qız burda- yaxında, siz də dağa-daşa düşmüsünüz. Soruşdular, kimdi o? Dedi ki, Fərizə. Fərizə də bacımla çox yaxın rəfiqə, bizim evimizin bir adamı kimi doğma idi. O dəqiqə bacılarım, anam sevincdən yerə-göyə sığmadılar. Hamımız çox sevindik. Anam bacıma dedi ki, “get bir Fərizəyə xəbər ver, soruş gör onun fikri nədir? Onlar bizdən yuxarı məhəllədə olurdular. Bacım qalxıb Fərizəgilə, Fərizənin qardaşının həyat yoldaşı olub evdə, ondan soruşub ki, “Fərizə evdədirmi?”. O da deyib ki, indicə çıxdı evdən, arxasınca qaçsan çatarsan. Fərizə ilə yolda qarşılaşıb, deyib ki “Səni qardaşım İlhama bəyənirik, sizə elçi gəlmək istəyirik, sənin fikrin nədir?”.
O da gülüb, deyib ki, “danışarıq sonra”. Sevinib, gülə-gülə gedib. Bacım arxasınca səsləyib, deyib ki, “mənə bir söz de”.
Fərizə gülə-gülə deyib ki, “Hə..”
Deməli, onun da istəyi var imiş. Biz də el qaydası ilə nişan apardıq, toyları oldu. Toyda qəribə bir hadisə oldu- maşının şüşəsi səbəbsiz yerə qırıldı..
Bir-birlərini çox sevirdilər. Fərizə Azərbaycan qadının sədaqət nümunəsidir. Bizim qadınların hər biri qeyrətlidi, amma Fərizə qadın sədaqəti, qeyrətinin etalonu oldu. 44 günlük müharibədə- 30 ildən sonra 2-ci “İlham Fərizə” dastanı Tərtərin Sarıcalı kəndində yaşandı. Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuş 1995-ci il təvəllüdlü Məmmədov Mehdi Elçin oğlunun yoxluğu ilə barışmayan, nişanlısı Səfərova Mələk Valeh qızı da özünə qəsd etdi. Məni elə yandırdı onların taleyi.. İlham və Fərizə vüsala çatmışdı heç olmasa.. Allah mənə imkan versin, onların qəbrinin üstünə gedim.. O da Fərizənin bacısıdır.. (ağlayır...)
Bu xalqın başına dönüm.. Həm hərbdə tarix yazdı, həm sevgidə.
Onsuzda ömrümün çoxu gedib, azı qalıb. Bircə arzum var ki, oğlumun toyunu görüm. Demişəm ki, oğlum evlənsin, oğlu olsa, adını İlham qoyacam. Heç kimə icazə verməmişəm İlhamın adını qoysun. İlhamla Fərizənin sevgisi sədaqət rəmzidir, amma istəmirəm heç bir gəncimizin taleyinə onlara oxşasın. Hər kəs yaxşı yaşasın, gözəl günlər görsün.”
Bu gün “İlham və Fərizə” sevgisinin 33 yaşı olur.. İllər ötdükcə daha da müqəddəsləşən “İlham və Fərizə ölümü” daha doğrusu, ölümsüzlüyü, sevgi uğrunda əsl sədaqət nümunəsidir. Vətən sevgisi ilə Yar sevgisinin birlikdə ucaldılan müqəddəs abidəsidir.





Maya İmran Demokrat.az


