Xəbər verdiyimiz kimi, Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.
Məsələni Demokrat.az-a şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, bu cür görüşlərin keçirilməsinin həmişə önəmi var:
“Çünki Rusiya bizim şimal qonşumuzdur və regional işlərlə, dünya siyasətində, eyni zamanda bizim regionumuzda müstəsna rola malik olan bir ölkədir. Buradakı proseslər, hər halda postmünaqişə dönəmində olan proseslər bu və ya digər şəkildə Rusiyanın maraqları ilə də uzlaşır. Rusiya bu proseslərin iştirakçısıdır. Bu nöqteyi-nəzərdən əlbəttə ki, Azərbaycan prezidentinin Rusiya prezidenti ilə görüşü böyük əhəmiyyətə malikdir. Biz bilirik ki, Azərbaycan və Rusiya münasibətləri çoxşaxəlidir. Burada həm iqtisadi, siyasi, eyni zamanda humanitar məsələlərlə bağlı hərbi-siyasi dialoq mövcuddur. Yəni, çoxlu ortaq mövzular var”.

Politoloq vurğulayıb ki, Xəzər ətrafında gedən proseslərdə də Azərbaycanla Rusiya münasibətləri çox vacib rol oynayır:
“Belə ki, Xəzər dənizi Azərbaycan üçün həyati önəmi olan bir məsələdir. Çünki Xəzər dənizinin sahilində Azərbaycanın ən iri şəhəri olan paytaxt Bakı yerləşir, Xəzərdə neft-qaz yataqlar istismar olunur. Rusiya da Xəzəryanı ölkəsidir, ən böyük hərbi donanmaya malik ölkədir. Ona görə, biz çalışırıq ki, Xəzər dənizi təhlükəsiz bir zona olsun. Rusiya ilə münasibətlər də buna görə önəmlidir ki, regionda, Xəzər bölgəsində təhlükəsizlik mühiti yaransın. Təbii ki, Azərbaycan-Rusiya münasibətləri burada əsaslı rol oynasın”.
İ.Vəlizadə hesab edir ki, iki dövlət başçısının görüşü çox uğurlu alınıb:
“Çox güman ki, görüş zamanı Cənubi Qafqazda gedən proseslər, Zəngəzur dəhlizinin reallaşması, digər tərəfdən Rusiya sülhməramlılarının funksiyası, onların Qarabağda gedən proseslərdə rolu və s. hamısı müzakirə obyekti olub. Düşünürəm ki, bu məsələlərlə bağlı müsbət nəticələr əldə olunub”.
Aynurə Pənahqızı Demokrat.az


