“Bildiyiniz kimi, artıq 22 ildir ki, hər il 20 iyun Ümumdünya Qaçqınlar günü kimi qeyd edilir. Bu bəşəri problemə diqqət cəlb etmək üçün belə bir ayrıca günün təsis edilməsi təbii ki, müsbət haldır və ölkəmizdə də hər il bu günü müxtəlif səviyyələrdə qeyd edirik. Amma bilirsiniz, Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına və ərazilərimiz isə təcavüzə məruz qalıb. Təsəvvür edin, yalnız 1988-1993-cü illəri əhatə edən dövrdə bir milyondan çox soydaşımız qaçqına, yaxud məcburi köçkünə çevrilib. 30 ildən artıq dövrdə bir milyon insanın öz ata-baba torpaqlarına, evinə qayıtması istiqamətində beynəlxalq səviyyədə heç bir addım atılmayıb. Beynəlxalq media bu illər ərzində “media tərəfsizliyi və qərəzsizliyi” adı altında vicdansızlıq edərək bir qaçqın Azərbaycanda çəkəndə, bir qaçqın da Ermənistanda çəkib və münaqişə nəticəsində hər iki xalqın eyni problemi yaşadığını göstərib”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat vurğulayıb ki, beynəlxlaq müstəvidə Azərbaycan və işğalçı Ermənistan arasında faktiki bərabərlik görüntüsü yaradıb:
“İşğalçı, təcavüzkar kimdir, sənədlərdə təsbit olunsa da beynəlxalq medianın gündəmində mənzərə başqa olub. Yəni, 22 ildir gün olaraq qeyd edilir, amma praktik olaraq biz bu əlamətdar günün hər hansı formada faydasını görməmişik. Beynəlxalq ictimaiyyət gücsüzdürmü? Qətiyyən.

Bu gün Ukrayna məsələsində müşahidə olunan birliyə baxın, Ukraynada məcburi köçkünlərə Qərbdən açılan qapılara, edilən yardımlara, verilən siyasi dəstəyə baxın. Mən qətiyyən bunun əleyhinə deyiləm, sadəcə, Azərbaycanın da qaçqını, məcburi köçkünü insandı, bu planetin sakinidi, indi gurlayan o ədaləti 30 ildə biz niyə görmədik? Ona görə də, hesab edirəm ki, Ümumdünya Qaçqınlar günü, yaxud başqa əlamətdarlaşdırılmış təqvimlər özlüyündə müsbət niyyət olsa da praktikada ikili standartlar hökm sürür. Biz beynəlxalq ictimaiyyətin, beynəlxalq niyyətlərin ümidinə qalsaydıq, hələ daha neçə qərinələr gözləməli idik ki, hansısa siyasi şərait yetişsin, kiminsə maraqlarına uyğunlaşsın ki, bizim də haqqımız tanınsın”.
“Amma şükür ki, 2020-ci ildə, 44 günlük savaşda cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında müasir beynəlxalq hüquqla tanınan ərazi bütövlüyümüz bərpa olundu. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq-bərpa işləri vüsət alıb. Livan ölçüdə bir ərazi sıfırdan yenidən qurulur. Milyondan artıq vətəndaşın öz ata-baba yurduna qayıtmaq hüququ təmin edilmək üzrədir, həm də hər hansı kənar yardım olmadan, yalnız cənab İlham Əliyevin qətiyyəti və səyləri, eyni zamanda öz gücümüz hesabına. Həmçinin, Qərbi Zəngəzurdan qaçqın düşən 300 minə yaxın azərbaycanlının təməl hüquqlarının bərpa edilərək yurduna dönməsi üçün siyasi zəmin formalaşmaqdadır. Bu mənada mən hesab edirəm ki, Ümumdünya Qaçqınlar günü qeyd ediləcəksə, bu real nəticələri özündə ehtiva edən 8 noyabr tarixi olmalıdır. Məhz bu tarixdə dünyada ən çox qaçqın və məcburi köçkünə sahib ölkə olan Azərbaycanın qələbəsi ilə hazırki reallıq formalaşmış, işğalçı, təcavüzkar məhv edilərək qaçqın və məcburi köçkünlərin öz ata yurdlarına dönmək imkanı yaranmışdır,”- deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
Aynurə Pənahqızı Demokrat.az


