Gündəm Özəl

Oqtay Qasımov: “Bu, bölgədə yenidən gərginliyin yaranmasına gətirib çıxaracaq”

Oqtay Qasımov: “Bu, bölgədə yenidən gərginliyin yaranmasına gətirib çıxaracaq”

Çox təəssüf ki, bugünədək Ermənistan beynəlxalq hüquq normalarını pozmaqda davam edir. Sirr deyil ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımız haqqında indiyədək heç bir məlumat yoxdur. Azərbaycan isə əksinə İkinci Qarabağ müharibəsində bir daha humanizm prinsiplərinə sadiq qaldığını nümayiş etdirib.

Məsələyə münasibət bildirən politoloq Oqtay Qasımov Demokrat.az-a açıqlamasında vurğulayıb ki, son Brüssel görüşündə də bu məsələlər müzakirə olundu. Politoloq qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi lə bağlı kompleks məsələlərin də müzakirəsi aparıldı:

“Bunlar xüsusilə sülh müqaviləsinin hazırlanması, sərhədlərin demarkasiya və delimitasiya məsələləri ilə bağlı işlərin aparılması, hər iki istiqamətdə komissiyaların yaradılması, o cümlədən kommunikasiyaların açılması, sosial iqtisadi məsələlər, humanitar məsələlər, ərazilərin minalardan təmizlənməsi və o cümlədən Avropa Birliyi prezidentinin dilindən birinci Qarabağ savaşı dönəmi itkin düşən şəxslərin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi və həmin 4 minə yaxın Azərbaycan vətəndaşının taleyi ilə bağlı məlumatların verilməsi idi. Əlbəttə ki, Azərbaycan bu məsələnin üzərində israr etməkdədir və artıq son il yarımda bu məsələ ən yüksək səviyyədə ifadə olunur. Ermənistan tərəfdən təəssüf ki, hələ də bu istiqamətdə konkret addım yoxdur. Digər istiqamətlərdə də biz görməkdəyik ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri ya yerinə yetirmir, ya da onun yerinə yetirilməsində lənglik nümayiş etdirir, yaxud prosesi əngəlləməyə çalışır. Əlbəttə ki, bu addımların heç biri bölgədə sülhün və əməkdaşlıq mühitinin yaranmasına yardım etmir. Əgər Ermənistan beynəlxalq hüququ pozmaqda davam edəcəksə, o cümlədən öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəksə, bu, xüsusilə də 10 noyabr anlaşmasına aiddir, əlbəttə ki, bu, Ermənistanın üzərinə kifayət qədər ciddi məsuliyyət qoyacaq”.

“Beynəlxalq hüquqda belə bir qayda var: üzərinə götürülən öhdəliklərin yerinə yetirilməməsi beynəlxalq hüququn pozulması, savaş səbəbidir. Təbii ki, bu da Ermənistan üçün daha ağır nəticələr verə bilər. Ona görə də, Azərbaycan tərəfi hal-hazırda bütün məsələlərin siyasi dialoq, danışıqlar və diplomatiya yolu ilə həll olunmasında maraqlıdır və bu istiqamətdə təkliflərini davam etdirməkdədir. Təbii ki, artıq Ermənistan öz üzərinə düşəni etməlidir. Bunu etməyəcəksə bu, bölgədə yenidən gərginliyin yaranmasına gətirib çıxaracaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az