“1993-cü ilin 15 iyun tarixi xalqımızın yaddaşına əsl Qurtuluş tarixi kimi yazılıb. Bu tarixi yaradan isə ulu öndər Heydər Əliyevdir. “Müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir” tezisi də məhz həmin dövrün reallıqları əsasında formalaşaraq bugünkü günümüzdə atılan addımların əsasında dayanır. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Əgər hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış ölkəsindən ən qabaqcıl respublikasına çevirmişdisə, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirərək ölkəmizi, müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov söyləyib.
Deputat qeyd edib ki, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaratmışdı:
“Müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, hakimiyyət hərisliyi, ən əsası şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ölkədə hakimiyyət böhranını kulminasiya həddinə çatdıdı, xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran respublikanı bürüdü. Vətəndaş müharibəsi yaşanaraq qarşıdurmalar nəinki dövlət müstəqilliyimizi, milli varlığımızı belə hədəfə aldı. 1991-ci ildən 1993-cü ilin iyununadək olan dövr Azərbaycanın müasir tarixində hərc-mərclik, xaos, özbaşınalıq dövrü kimi xarakterizə olunur. Ölkədə vətəndaş müharibəsi üçün ziddi zəminin yarandığı bir vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar, son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. O zaman Naxçıvan Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını öz üzərinə götürən ulu öndər Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib, vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. «Mənim həyatım da, fəaliyyətim də, yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”» – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və inkişafın təməllərini qoymağa nail oldu”.
“1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu bir mərhələ başladı. 15 iyun Azərbaycanın tarixinə Qurtuluş Günü kimi daxil oldu. Bu tarixi gün 1998-ci ildən etibarən dövlət səviyyəsində qeyd olunur. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb, yox olmaq təhlükəsindən qurtarmasında idi”.
K.Bayramov vurğulayıb ki, Ulu Öndər Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı:
“Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə sabitlik yarandı, malik olduğumuz təbii resurslardan səmərəli istifadənin təmin edilməsi üçün mühüm addımlar atıldı. Dahi şəxsiyyətin iqtisadiyyatımızın inkişafında neft amilinə önəm verməsi, onun uzaqgörən siyasətinin nəticəsi idi. Ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə olundu. Bu mühüm addım ölkədə sabitliyin yaradılmasında mühüm amilə çevrildi. Elə həmin il sentyabrın 20-də «Əsrin müqaviləsi» kimi yadda qalan tarixi neft sazişi imzalandı. Bununla da, Azərbaycanın dayanıqlı inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Ümummilli Liderin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edilərək, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı”.
Deputat xüsusi olaraq qeyd edib ki, bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.
Aynurə Pənahqızı Demokrat.az


