Ermənistanda hakimiyyət əleyhinə iğtişaşlar davam verməkdədir. Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanın iqamətgahı qarşısında baş verən iğtişaşlarla bağlı həbs edilənlər var.
Məsələyə münasibət bildirən politoloq Yusif Bağırzadə Demokrat.az-a açıqlamasında bildirib ki, Paşinyanın etirazçıların tələbi ilə istefa verib hakimiyyətdən gedəcəyəni düşünmür. Politoloq qeyd edib ki, əgər o bunu etmək istəsəydi elə kapitulyasiya aktı olan üçtərəfli bəyanatın imzalanmasından sonra edərdi.
“Çünki Ermənistan üçün dəyişən elə bir şey yoxdur. Aksiyaların təşkilatçıları da, etirazçılar da eyni qüvvələrdir. İkinci bir tərəfdən bu gün Paşinyana qarşı dayanan qüvvələrin hamısının rusiyameyilli qüvvələrdən ibarət olması da hakimiyyət dəyişikliyi halında Ermənistanın yenidən tamamilə Rusiyanın nəzarətinə keçməsi ilə və demək ki, anti Qərb mövqeyinin möhkəmlənməsi ilə nəticələnə bilər ki, bu da ABŞ başda olmaqla Qərbin maraqlarına xidmət etmir”.
Politoloq əlavə edib ki, Paşinyan iqtidarına müxalif olan qüvvələrin zəifliyi də Paşinyanın məcbur qalmayınca öz postunu tərk etməyəcəyi ilə bağlı arqumetləri möhkəmləndirir:
“Bu gün isə onu istefaya məcbur edəcək hər hansı bir ciddi səbəb yoxdur. Biz Ermənistan müxalifətinin keçirdiyi aksiyalara baxsaq görərik ki, onlar əvvəlkilərdən hər nə qədər də intensivliyi ilə fərqlənsə də kütləvilik baxımından bir o qədər də fərqlənmir. Müxalifət ən yaxşı halda aksiyaya on min civarında etirazçı toplaya bilir. Bunun isə iki səbəbi var. Birincisi ondan ibarətdir ki, müxalifətin istefaya çağırışla bağlı yeganə şüarı Qarabağla bağlıdır. Yəni başqa sözlə Ermənistan müxalifəti Paşinyanı ancaq öz təbirlərincə desək “Artsaxı satmaqda” ittiham edir və istefa tələbini də bununla arqumetləşdirir. Ancaq unudurlar ki, məhz yenidən müharibə olmasın deyə erməni əhalisinin böyük əksəriyyəti müharibədə məğlub olmuş baş nazirə növbədənkənar seçkilərdə etimad göstərmiş və bununla da revanşistlərin yenidən hakimiyyəti ələ keçirməsinə imkan verməmişlər”.
“İkinci səbəb isə odur ki, Paşinyanın istefasını tələb edən müxalifətin aparıcı fiqurları Köçəryan və Sarkisyan cütlüyüdür və onların hər biri on il Ermənistana rəhbərlik ediblər. Rəhbərlik etdikləri dövrdə isə yalnız korrupsiya, rüşvətxorluq ön planda olub və nəticə etibarilə Ermənistanda yaşayış səviyyəsi o qədər dözülməz hal alıb ki, əhalinin kütləvi şəkildə ölkəni tərk etməsi ilə nəticələnib. Əhali isə bunları unutmayıb və indi də görür ki, müxalifət öz aksiyalarında ölkənin sosial-iqtisadi vəziyyətinə ümumiyyətlə toxunmur, başqa sözlə məqsəd ölkə əhalisinin vəziyyətinin yaxşılaşdırılması deyil Paşinyanın devrilməsidir”.
“Əslinə baxsaq bu gün “Artsax” deyib özlərini yırtanların Paşinyanın devrilməsində, başqa sözlə hakimiyyəti ələ keçirmək istəmələrindəki məqsədi də Qarabağ və ya orda yaşayan insanların aqibəti deyil məhz şəxsi maraqları, Ermənistanı yenidən talamaq üçün imkanlar əldə etmək istəyidir. Qarabağ isə onlar üçün məqsəd deyil, sadəcə bir vasitədir. Lakin yuxarıda sadaladığım arqumentlər səbəbilə bir daha təkrar edirəm ki, onların Paşinyanı istefaya məcbur edəcək gücləri və resursları yoxdur. İndiki halda Paşinyanın hakimiyyətdən getməsi yalnız onun fiziki yoxluğu halında mümkündür. Başqa sözlə ona qarşı terror hadisəsi olacağı halda. Ermənistanın artıq belə bir təcrübəsi var. Xatırlayırsınızsa 27 oktyabr 1999-cu ildə silahlı şəxslərin Ermənistan Milli Məclisinə hücumu zamanı ölkənin siyasi rəhbərliyindəki de-fakto qərar qəbul edən baş nazir Vazgen Sarkisyan və parlament spikeri Karen Dəmirçyan qətlə yetirilmişdilər”.
Aynurə Pənahqızı Demokrat.az



