Gündəm Özəl

Deputat: “Azərbaycanın regional geosiyasi mövqeyi güclənməkdədir”

Deputat: “Azərbaycanın regional geosiyasi mövqeyi güclənməkdədir”

“Azərbaycan Avropa İttifaqı daxil olmaqla bütövlükdə regionun enerji təhlükəsizliyinə xüsusi töhfə verən ölkədir”.

Bunu Demokrat.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Vüqar Bayramov deyib ki, Azərbaycanda həyata keçirilən enerji siyasəti ölkəmizin regional mövqeyini daha da gücləndirir:

“Məhz Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində reallaşan Cənub Qaz Dəhlizi bu gün regionun enerji xəritəsini dəyişməkdə və Azərbaycanı Avropa İttifaqının enerji təhlükəsizliyinin formalaşmasında yeni yeganə alternativə çevirməkdədir. Bu isə Azərbaycanın dövlət gəlirlərinin stabil şəkildə artmasına imkan yaratmaqla, geosiyasi mövqeyini daha da gücləndirir”.

Deputat vurğulayıb ki, Azərbaycanın regional geosiyasi mövqeyini gücləndirməsi onun bütövlükdə regional təhlükəsizliyə təsir imkanlarının da artmasına gətirib çıxarıb:

“Bu da təbii ki, Azərbaycanın artan nüfuzunun əsas göstəricilərindən biridir. Bu kontekstdən forum bir daha təsdiq edir ki, Azərbaycan regional məsələlərdə aparıcı mövqeyə malik olan ölkədir. Cənub Qaz Dəhlizinin reallaşması və bu layihənin reallaşmasında Azərbaycanın, xüsusən də Azərbaycan prezidenti Cənab İlham Əliyevin siyasi iradəsi bir daha təsdiq edir ki, Azərbaycan bütövlükdə regional tərəfdaşlığa önəm və töhfə verən ölkədir. ABŞ prezidentinin son məktubunda bu, xüsusilə vurğulanırdı. Çünki Azərbaycanın Amerika Birləşmiş Ştatların tərəfdaşlarının enerji təhlükəsizliyinin formalaşmasındakı rolu ABŞ daxil olmaqla, aparıcı ölkələr tərəfindən xüsusi qiymətləndirilir. Növbəti illərdə də Azərbaycan məhz regionda enerji təhlükəsizliyindəki mövqeyini qoruyub saxlayacaq və daha da artıracaq. Bu da ondan xəbər verir ki, növbəti dövrlər üçün Azərbaycanın enerji siyasəti bütövlükdə regiondakı təhlükəsizliyə xüsusi töhfə verəcək”. Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az