Yer kürəsində əhalinin sayı durmadan artır. Bununla yanaşı qidaya olan tələbatımız da artır.
Mütəxəssislər bildirir ki, say çoxluğu, qlobal istiləşmə, quraqlıq, məhsul itkisi planetimizi qida çatışmazlığı ilə üz-üzə qoyur. Bu problemlərin qarşısını almaq təbii ki, elm adamlarının da üzərinə düşür. AMEA Mikrobiologiya institutunda məhsul itkisinin qarşısının alınması istiqamətində mühüm işlər görülür.
İnstitutun laboratoriya müdiri Könül Baxşəliyeva deyir ki, təbiətdən yerli şəraitdə ayrılan ştamlardan, yəni göbələklərdən bioloji preparatlar hazırlanır və yenidən təbiətə qaytarılaraq tətbiq edilir:
“Funksiya ondan ibarətdir ki, torpaqda fitosanitar vəziyyəti yaxşılaşdırır yəni gübrə rolunu oynayır, orda olan zərərli mikroorqaniozmlərdə antaqaniz münasibət yaradaraq torpağın fitosanitar vəziyyətini yaxşılaşdırır, torpağı qoruyur, münbitliyini artırır və eyni zamanda da bitkilərin üzərində olan patogen mikroorqanizmlərlə mübarizə apararaq, xəstəliklərin qarşısını alır ki, bu xəstəliklərin də qarşısının alınması nəticəsində məhsul itkisinin keyfiyyəti kifayət qədər yüksəlir.”

Könül Baxşəliyevanın sözlərinə görə bitkilər üzərində patogen mikroorqanizmlər olarsa xəstəlik kütləvi şəkildə arta bilər. Bu halda məhsul itkisi 50-60 faizdən çox olur ki, bu da məhsul itkisinə və qida çatışmazlığına gətirib çıxarır.
“Apardığımız tədqiqatlar nəticəsində alınan bu məhsulumuz həm torpağın məhsuldarlığını aparır, eyni zamanda münbitliyini artırır və pitopotagenlərlə qarşı mübarizədə aktiv nəticə göstərir ki, bu da məhsul itkisinin qarşısını alır. əgər bu nəticələrimiz daha geniş vüsət alaraq daha iqtisadi baxımdan belə deyək, tətbiq olunmağa başlayarsa, ölkənin neft sektorundan asılı olmadan potensialının bir sahəsini də inkişaf eləməsinə gətirib çıxaracaqdır.”
Könül Baxşəliyevanın sözlərinə görə, xaricdən gələn canlı preparatlar da var. Lakin onların yerli şəraitə adaptasiya qabiliyyəti çox zəifdir. Ölkəmizdə isə yerli şəraitdə göbələklərdən əldə edilən məhsullar rəqabətə daha dözümlü olur, keyfiyyəti də daha yüksəkdir.
Gülçin Qorxmaz Demokrat.az


