“Azərbaycanla Ermənistan arasında baş tutan istənilən görüş müsbət nəticə verir və belə deyək ki, son görüşdə də alınana qərarlar əslində müsbət yöndədir. Amma burada bir şey var. Bilirsiniz ki, daha öncə də qərarlar alınmışdı və onlar da ümidverici qərarlar idi“.
Bunu Demokrat.az-a açıqlamasında Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Ankara Universitetinin professoru Toğrul İsmayıl ötən gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə baş tutan görüşünü şərh edərkən deyib.
Professorun sözlərinə görə, Ermənistanda baş verən proseslər, Rusiyanın bölgədəki vəziyyəti, maraqları və digər məsələlər prosesin bir an öncə həll olunmasına maneçilik törədir:
“Xüsusilə də, son dönəmdə Rusiyanın Avropa Birliyi, ABŞ ilə münasibətlərində qarşıdurmanın olması bu prosesin həllini ləngidən ən önəmli faktorlardan biridir. Amma, ümid edirik ki, əvvəl-axır bu məsələ həll olunacaq. Çünki əsas məsələ artıq həll olunmuşdur. Burada ən böyük problem Qərb tərəfindən Azərbaycana qarşı yönəldilən əsas məsələ Qarabağda yaşayan ermənilərin statusunun vəziyyəti ilə bağlıdır. Azərbaycan da öz növbəsində dəfələrlə bunu demişdir. Yəni, onların mədəni muxtariyyət haqları tanınacaq. Digər tərəfdən, Avropa Birliyi özünün aldığı qərarlarla bir millətin müqəddəratını təyin etmək haqqı, o dövlətin unitar quruluşunu pozmadan da gerçəkləşdirə bilər. Dolayısıyla Azərbaycan Avropa Birliyinin özünün aldığı qərarlar doğrultsunda da, hərəkət edərək bu məsələni həll etmə iqtidarındadır“. “Təbii ki, bu yöndə əsas məsələ Ermənistanın nə istəməsidir. Bu, kommunikasiya, sərhəd və digər məsələləri ola bilər. Bu isə çox vacib məsələlərdən biridir. Azərbaycanın torpaq bütünlüyünə gəlincə, bütün dünya əlbəttə ki, Azərbaycanın ğrazi bütövlüyünü tanıyır. Bu, danılmazdır. Beynəlxalq hüquq da bu yöndədir. Dediyim kimi, burada əsas məsələ Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti ilə bağlı məsələdir ki, Azərbaycan tərəfi də bunun təminatını verə bilir və bu məsələ ən qısa şəkildə həll edilə bilər. Digər şəkildə sadəcə Ermənistanın tutumu və Ermənistandakı vəziyyət təsir edəcək. Hələ biz Ermənistanda siyasi istiqrarı görmürük və revanşitlər çoxdur. Digər tərəfdən də, üzdə tərəflər bölgədə xüsusilə böyük güclər barış istəsələr də, amma bu məsələnin həllində çox da maraqlı deyillər. Çünki bölgədə var olmamaları bu böhranın davam etməsi ilə əlaqədardır. Amma yenə deyirəm hər bir görüş daha bir sonuc hədəfinə yaxınlaşma deməkdir və bu mənada müsbət dəyərləndirilə bilər“- deyə T.İsmayıl qeyd edib.
Aynurə Pənahqızı Demokrat.az


