Son günlər “Meymun çiçəyi” (monkeypox) kimi tanınan infeksiya yayılmaqdadır. Adətən qripə bənzər xəstəlik və limfa düyünlərinin şişməsi ilə başlayır və sonra üzdə və bədəndə geniş yayılmış səpkilərə çevrilir. Eyni zamanda hərarət, baş ağrısı, şişkinliklər, bel ağrısı və ümumi narahatlıqlar müşahidə edilir. Dəri qabarcıqlarına səbəb olan nadir tropik xəstəlik meymun, siçovul, dələ və digər kiçik məməlilərin yaydığı virusdan qaynaqlanır. Bəs, bu virus epidemiyaya çevrilə bilərmi?
Sualımıza aydınlıq gətirən həkim-infeksionist Mərdan Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, “Meymun çiçəyi”nin epidemiya törətmə ehtimalı azdır. Çünki “meymun çiçəyi” koronavirus kimi sürətli yoluxmur:

“Ona görə də, bu pandemiya və yaxud epidemiya törətməz. Digər tərəfdən Avropa ölkələrində bununla bağlı hələ ciddi yoluxma yoxdur. Ona görə düşünmürəm ki, bu virus Azərbaycana gəlsin və yaxud da dünyada epidemiya şəklində yayılsın. Hazırda Böyük Britaniyada bu geniş yayılıb və onun yoluxma mənbəyi araşdırılır. Mənbəyi məlum olandan sonra bu barədə daha yaxşı bilinəcək. Məlum olan odur ki, bu virus yoluxma sürətinə malik deyil”.
Aynurə Pənahqızı Demokrat.az


