“Azərbaycanda müxtəlif kommunal xidmətləri göstərən istər “Azəriqaz”, istər “Azərsu”, istərsə də “Azərenerji” dövlət şirkətləridir. Bunlar öz sahələrində təbii inhisarçıdırlar”.
Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Nazim Baydəmirli deyib. Ekspert əlavə edib ki, bazar iqtisadiyyatının əsas tələbi xidmət alınmasının vətəndaşlar, istehlakçılar üçün daha əlverişli olmasıdır, yəni daha çox xidmətin yüksək səviyyədə olması üçün inhisarçılıq olmasın:
"Ona görə də, “İnhisarçılıq haqqında” Azərbaycan Respublikasının da qanunu var. Beynəlxalq Valyuta Fondunun da, Dünya Bankının da, müxtəlif beynəlxalq təşkilatların da tövsiyələri həmişə odur ki, bazar iqtisadiyyatına keçid edən ölkələrin xidmət sahələri rəqabətli olsun. Yəni, bu mənada biz fərqli ölkəyik. Ona görə ki, istər dövlət şirkətləri olsun, istərsə də dövlət qurumlarına rəhbər təyin olunan şəxslər buranı həmişə öz ata-baba malı kimi hesab edirlər və belə də davranırlar”.
“Təbii ki, dövlət şirkətlərinin üzərində nəzarət olsaydı, Azərbaycanda vətəndaş cəmiyyəti institutları işlək vəziyyətdə olsaydı, kütləvi informasiya vasitələrinin nəzarət mexanizmləri olsaydı, o zaman ictimai rəyə də hörmət olardı. Belə zərərlə işləyən şirkətlər, o cümlədən inhisarçı mövqedə olan şirkətlər maya dəyərinə çox ciddi fərq olmadan xidmət göstərməli idilər. Ancaq biz də regionçuluqla, yerlibazlıqla, qohumbazlıqla, tələbə yoldaşı, dostu, qudası bu cür şəxslərin vəzifələrə təyinatları olur. Və dövlət şirkətləri, o cümlədən dövlət qurumları da belə idarə olunurlar. Bu baxımdan Azərbaycan ”unikal” ölkədir, burada hər kəs öz sahəsinə cavabdehlik daşımır. Sadəcə özündən yuxarıdakı məmurun yaltağına çevrilir. Bu, əvvəldən axıra qədər hər sahəyə siraət edib. Çünki hakimiyyət qollarının konstitusiyada təsbit olunduğu kimi bir-birinə nəzarət funksiyaları yoxdur. Qanunvericilik hakimiyyəti icra hakimiyyəti orqanlarına nəzarət edə bilmir. Çünki qanunvericilik hakimiyyət icra orqanlarından asılıdır və seçkilər ədalətli deyil. Məhkəmələr də müstəqil deyil, məsələnin kökündə duran səbəb budur".
"Azərbaycanda olan dövlət qurumları daha çox özəl şirkətlər kimi idarə olunur. Ona baxanda biz də ritorik suallar verə bilirik və ironiya ilə qarşılayırıq. Buna görə də, “Azəriqaz”ın rəhbəri yeni bir söz deməyib. İnhisarçılığın mahiyyətini belə anlayıb, belə də davam edəcək. Yəqin ki, o, təbii inhisarçı demək istəyirmiş”- deyə, sabiq deputat fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, "Azəriqaz" İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev ötən gün açıqlamasında bildirib ki, biz xidmət sahəsi olaraq ölkədə inhisarçı nüfuza malikik. O qeyd edib ki, amma bu inhisarçılığın mahiyyətində diqtə etmək, korporativ maraqlar əsla dayanmır.
Aynurə Pənahqızı Demokrat.az


