Son günlər, demək olar, hər gün yanğın xəbərləri eşidirik. Xüsusilə yay aylarında istər binalarda, istər həyət evlərində, istərsə də iaşə obyektlərində fərqli səbəblərdən yanğınlar baş verir. Bəs bu yanğınların baş verməsinin səbəbləri nədir?
Mövzu ilə Demokrat.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev yanğınların baş vermə səbəbləri haqqında danışıb. Ekspert bildirib ki, yanğınlar əsasən yanğın təhlükəsizliyinin pozulması səbəbindən baş verir:
“Ümumiyyətlə, çoxmənzilli binalarda yanğınlar elektrik qısaqapanması nəticəsində baş verir. Evlərdə elektrik naqilləri ilə bağlı təhlükəsizlik qaydalarına mütləq qaydada hamı ciddi riayət etməlidir. Yəni, evin elektrik naqillərinin sazlığına, elektrik naqilllərində problemin olmamasına, elektrik naqillərinin normadan artıq yüklənməməsinə mütləq qaydada nəzarət etmək lazımdır. Heç olmasa, hər kəs evlərinin elektrik naqillərini ildə bir dəfə yoxlatdırmalıdır.

Hansında zədələnmə var, elektrik yük götürmək qabiliyyəti nə qədərdir. Yəni, nasaz və ya problem olub-olmadığını mütləq bilməlidir. Çox təəssüflər olsun ki, bəzən on illərlə elektrik naqilləri yoxladılmır. Bəzən naqillər bir neçə yerdən zədələnir ki, bundan da ev sahibi xəbərsiz olur. Yaxud da ki, izolyasiya düzgün aparılmayıb. Bütün bunlar da potensial yanğın təhlükəsi yaradan amillərdir”.
E.Nurəlliyev vurğulayıb ki, bütün elektrik avandanlıqları eyni vaxtda işlədilməməlidir:
“Onları eyni anda işlətmək elektrik xətlərinin yüklənməsinə, qısaqapanmaya və sonda alışmaya gətirib çıxardır. Eyni anda elektrik avadanlıqlarını işlətmək təhlükəlidir və yanğın əmələ gətirən əsas amildir. Həmçinin, bu cür avadanlıqları nəzarətsiz buraxmaq da olmaz. Bəzən bu avandanlıqlar istifadə olunur yaddan çıxır və elektrik cərəyanında bir neçə saatlarla qalır. Təbii ki, bu da alışmaya, qızmaya səbəb olur və qısqapanma nəticəsində yanğına gətirib çıxarır. Ona görə mütləq qaydada yanğının təhlükəsizlik qaydalarına ciddi yanaşmaq lazımdır. Yəni, istifadədən sonra mütləq cərəyandan ayırmaq lazımdır. Digər bir tərəfdən evlərdə açıq oddan istifadə etmək təhlükəlidir, habelə kimyəvi məhsulları da nəzarətsiz qoymaq olmaz. Bunlara da ciddi riayət olunmalıdır. Ümumiyyətlə, hər bir evdə yanğınsöndürmə balonları olmalıdır. Bu, qapalı məkanda 6-7 kvadrata qədər yanğını rahatlıqla söndürə bilir. Əgər ilkin müdaxilə olarsa, təbii ki, yanğının qarşısı alına bilər. Hesab edirəm ki, bununla bağlı insanlarda maarifləndirmənin aparılmasına ehtiyac var. İnsanlar bunu bilsələr yanğının miqyası da böyüməz”.
Aynurə Pənahqızı Demokrat.az


