Kriminal Özəl

Qobuda qardaşlar arasında qanlı dava — Təfərrüat

Qobuda qardaşlar arasında qanlı dava — Təfərrüat

Abşeron rayonunda 1996-cı il təvəllüdlü Elxan qardaşı Mehmana bıçaqla xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 15 noyabr 2020-ci ildə, saat 20 radələrində yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində baş verib.

Elxan yaşadığı evin həyətində qardaşı Mehmanın ona tutduğu haqlı irada görə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı qardaşı Mehman onun sifətinə bir dəfə şillə ilə, yerdən götürdüyü dəmir parçası ilə ayağına vurub.

Bundan sonra Elxan bıçaqla Mehmanı vurmaqla qisas almaq qərarına gəlib. Elxan bu niyyətlə özündə olan bıçaqla Mehmanın qarnın nahiyəsinə bir dəfə vurub.

İstintaq orqanı tərəfindən Elxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşad Əliyevin sədrrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Elxan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, özündən kiçik olan qardaşı Mehmanla aralarında problem olub: “Hadisə günü yaşadığım evdə olarkən Mehman qonşudan telefon alsam da, nə pulunu ödəmədiyim, nədə telefonu qaytarmadığım üçün irad tutuduğuna görə aramızda mübahisə baş verdi. Mehman bir neçə dəfə əli və dəmir parçası ilə mənə zərbələr endirdi. Hadisə zamanı isə həyətimizin qapısının qarşısına getdim. Elə bu vaxt Mehman əlində bıçaq evdən çıxdı. Mehmanın əlindən bıçağı almaq üçün yaxınlaşdım və bıçağı ondan almaq istəyərkən bıçaq Mehmanın qarnına batdı”.

Elxan istintaqa verdiyi ifadəsində göstərib ki, ailə üzvüləri ilə birlikdə yaşayır: ”Zərərçəkmiş Mehman qardaşımdır, bizim münasibətlərimiz bir qardaş kimi həmişə normal olub. Noyabrın 15-də, saat təxminən 20 radələrində evin həyətində qardaşım Mehman ilə dayanmışdım. Bu zaman Mehman mənə dedi ki, 15 manata qonşumuz Raufa satdığın telefonu sonuncu gətirərək qaytarıb, deyir ki, pulu qaytarsın. Mən də Mehmana dedim ki, apar telefonu Raufa ver. Mehmanda mənə həmin vaxtı kobud cavab qaytardı. O, cümlədən dedi ki, bunun ona heç bir aidiyyatı yoxdur. Mehmanın bu kimi hərəkətlərinə görə Mehmanla aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbləşdim. Mehmanın sağ üzünə 1 dəfə şillə ilə vurdum. Mehmanda həyətdən götürdüyü dəmir parçası ilə üzərimə gələrək sol ayağımdan iki dəfə vurdu. Mən də dəmiri Mehmanın əlindən alaraq kənara atdım. Bundan sonra evin qarşısına küçəyə çıxdım. Bu zaman küçədə olarkən Mehmanın əlində bıçaqla üzərimə gəldiyini gördüm. Belə olduqda Mehman mənə yaxınlaşarkən sonuncunun əlindən bıçağı almaq istədim. Bıçaq Mehmanın qarnına batdı. Bundan sonra digər qardaşım Əlihüseyin oraya gələrək Mehmanı xəstəxanaya apardı. Mən isə evdə qaldım”.

Elxan əlavə olaraq ifadəsində göstərib ki, hadisə vaxtı onların yanında bibisi oğlu Elçin olub. Qeyd edib ki, onların arasında olan mübahisə təxminən 10 dəqiqə davam edib. Həmin vaxtı səsə qonşulardan gələnin olub-olmadığını görməyib.

Elxan 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az