Sosial Özəl

“Sürücülərin gündəlik narkotestlərdən keçirilməsi təmin edilməlidir” — AÇIQLAMA

“Sürücülərin gündəlik narkotestlərdən keçirilməsi təmin edilməlidir” — AÇIQLAMA

Son illər narkotik maddənin təsiri altında avtomobil idarə edən sürücülərə tez-tez rast gəlinir. Bunu reyd zamanı aşkar edilən sürücülər deməyə əsas verir. Həm paytaxt, həm də bölgələrdə yol polisi əməkdaşları keçirdiyi reydlər zamanı narkotik maddənin təsiri altında avtomobil idarə edən bir neçə sürücünü saxlayıblar.

Saxlanılan sürücü Bakı şəhər sakini Əbülfəz Hacıyev idarə etdiyi “Khazar” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyənləşdirilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub. Salyan Rayon Məhkəməsinin qərarı ilə Ə.Hacıyev 500 manat məbləğində cərimələnib.

Məsələyə münasibət bildirən ekspert Emil Maqalov Demokrat.az-a açıqlamasında bildirib ki, qanunvericiliyə görə, narkoloji dispanserdə qeydiyyatda olan şəxslərə sürücülük vəsiqəsi verilmir. Lakin narkotikdən istifadə edən sürücülərin bugünkü fəaliyyəti onu göstərir ki, bu tip insanların hamısı heç də qeydiyyata düşmürlər:

“Sürücülərin gündəlik narkotestlərdən keçirilməsi təmin edilməlidir” — AÇIQLAMA

“İlin əvvəlindən bu günə qədər tək paytaxtda alkoqol, narkotik vasitələr, psixotrop maddələr və güclü təsir göstərən digər həblərdən istifadə edən xeyli sayda sürücü aşkar edilib və qanunla barələrində tədbir görülüb. Təbii ki, dispanserdə qeydiyyatda olan sürücülük vəsiqəsi almırlar, lakin bir çox şəxslər qeydiyyata düşmür və bunu rahatlıqla ala bilirlər. Narkotik istifadəçiləri iş tapa bilmədikləri üçün məcburi şəkildə sənişindaşıma fəaliyyəti ilə məşğul olurlar. Hesab edirəm ki, belə halların qarşısının tez alınması üçün imkan daxilində polis əməkdaşları tez cavab verə biləcək testlərdən istifadə etsin. Ümumiyyətlə, sürücülərin gündəlik testlərdən keçirilməsi təmin edilməlidir. Çünki hazırda 3 cür narkotikdən istifadə olunur. Elə narkotiklər var ki, bir gün, eləsi var bir ay və 1 həftə qalır. Ona görə də, mütləq şəkildə Dövlət Yol Polisi hər hansı bir halda sürücünü saxladıqda tez cavab verə biləəck testdən istifadə etməlidir. O zaman narkotik istifadəçiləri biləcək ki, test var və nəqliyyat vasitəsini idarə etməyəcək. Bundan başqa taksi şirkətləri və digər şirkətlər sürücülərin hər gün testləşdirməsi aparmalıdır”.

Ekspertin fikrincə, ölkədə narkomanların keyfiyyətli müalicəsi təşkil edilməlidir:

“Narkotik tələbata çevriləndə onu müxtəlif yollarla əldə etməyə çalışırlar. İstifadəçilərin əksəriyyəti oğurluqla, soyğunçuluqla, cibgirliklə və digər cinayət yolu ilə maliyyə əldə edərək narkotik almağa sərf edir”.

Onun fikrincə, hazırda narkotiklərin istifadəsi çox asandır:

“Narkotik istifadəçilərinin sayının artmasının digər səbəbi insanların internetə və dünyaya senzurasız daxil olmasıdır. Uşaqdan tutmuş hər kəsin rahatlıqla yazı və ya videolara girmək imkanı var. Üçüncü səbəb gənclərin asudə vaxtının təşkili problemidir. Bu durumun acı mənzərəsi daha çox rayon və kəndlərdə özünü biruzə verir. Şəhərlərdə asudə vaxtın təşkili ilə bağlı bir qədər nikbin mənzərə var”.

Müsahibimiz ölkədə narkotik vasitələrin onlayn satışının təşkilindən də danışıb:

“Hələ deyərdim ki, ətraf ölkələrlə müqayisədə Azərbaycanın göstəricisi daha yaxşıdır. Mən Türkiyə, İran, Gürcüstan və Dağıstanda olmuşam. El dilində bu ölkələrə baxanda şükürlüyük. Çünki Azərbaycanda ailə dəyərləri, mentalitet və digər amillər böyük rol oynayır. Mübarizəni gücləndirməliyik. Bunun bir yolu var, o da narkotiki satanlarla mübarizə aparmaqdır. Hansı ki, bütün dünya bununla mübarizə aparır,” Maqalov qeyd edib.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az